Fransa XİN ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı birgə çağırışı dəstəklədiyini bəyan edib
Fransa Xarici İşlər Nazirliyi (XİN) avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki ölkənin münasibətlərinin normallaşdırılmasına dair razılaşma əldə olunmasına dair bəyanat yayıb. Kommunikedə Fransa bu addımı yüksək qiymətləndirib.
NUHÇIXAN xəbər verir ki, bəyanatda ABŞ-a bu prosesdə oynadığı rola və əldə olunan nəticələrə görə təşəkkür edilib. Bəyanatda qeyd olunur ki, sülh müqaviləsinin tezliklə imzalanması və ratifikasiyası bölgədə sabitliyin təmin olunmasında həlledici rol oynayacaq.
Fransa tərəfi, həmçinin, ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı tərəflərin birgə çağırışını dəstəklədiyini bildirib.
Bəyanatda vurğulanır ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, habelə 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş prinsiplərə riayət etməklə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional əlaqələrin inkişafı və sərhədlərin yenidən açılması Cənubi Qafqazın region əhalisinin mənafeyi naminə sülh və firavanlıq bölgəsinə çevrilməsinə imkan verəcək.
Fransa, Avropa tərəfdaşları ilə birlikdə, bu istiqamətdə səylərini davam etdirəcəyini və Avropa Siyasi Birliyi çərçivəsində fəal iştirak edəcəyini bildirib.