Cənab Prezident İlham Əliyevin növbəti siyasi qələbəsi, Naxçıvanın intibahı və yeni tarixi səhifənin açılışı
2025-ci il avqustun 8-də Vaşinqton şəhərində baş tutan üçtərəfli görüş, Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi tarixə düşdü. ABŞ Prezidenti Donald Trump, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan Ağ Evdə bir araya gələrək, Azərbaycan-Ermənistan dövlətlərarası sülh və əməkdaşlıq sazişini imzaladılar. Bu sənəd, on illərlə davam edən qarşıdurma və gərginliyin ardınca bölgəyə yeni bir siyasi nəfəs gətirəcəkdir.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında bu tarixi məqamı belə səciyyələndirdi: “Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir. ”Strateji tərəfdaşlıq – iqtisadi və siyasi gücün birləşməsi eyni zamanda Azərbaycan ilə ABŞ arasında qurulan strateji tərəfdaşlıq təkcə diplomatik münasibətlərin dərinləşməsi deyil, həm də müxtəlif sahələrdə geniş əməkdaşlığın başlanğıcıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik, işsizliyi azaldacaq və gələcəyə böyük nikbinliklə baxacağıq. ”Bu sözlər göstərir ki, artıq Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri təkcə regional deyil, qlobal miqyasda da yeni səviyyəyə yüksəlir. Vaşinqtonda imzalanan sazişin ən mühüm bəndlərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz dəhlizin açılmasıdır. Bu dəhliz böyük regional layihənin tərkib hissəsidir. Bu qərar Naxçıvan üçün birbaşa quru və dəmir yolu əlaqəsi, Azərbaycana sürətli və təhlükəsiz çatım, ticarət və tranzit imkanlarının genişlənməsi, turizm sektorunun inkişafı, həm daxili, həm də xarici turist axını, yeni sənaye zonalarının yaradılması, ixrac imkanlarının artması deməkdir. Naxçıvan uzun illər coğrafi təcrid vəziyyətində olsa da, bu dəhlizlə birlikdə Azərbaycanın qapalı qalmış iqtisadi mərkəzdən beynəlxalq tranzit mərkəzinə çevriləcəkdir. Regional və qlobal əhəmiyyət baxımından bu razılaşma yalnız Azərbaycan və Ermənistan münasibətlərini normallaşdırmaqla kifayətlənmir. ABŞ-ın vasitəçiliyi ilə atılan bu addım bölgədə yeni güc balansı yaradır. Rusiya və İran kimi regional oyunçuların təsir dairəsi zəifləyir, cənubi qafqaz isə beynəlxalq investisiyalar üçün daha cəlbedici məkana çevrilir.
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində müdafiə, enerji təhlükəsizliyi, süni intellekt və texnologiya sahələrində əməkdaşlıq planları həm dövlət səviyyəsində, həm də özəl sektor üçün böyük imkanlar yaradır. Naxçıvanın intibah dövrü olaraq hesab edirəm ki, bu razılaşma Naxçıvanın inkişafında dönüş nöqtəsi olacaq. İllərlə qapalı qalan iqtisadi imkanlar indi reallaşmaq şansı əldə edir. Bu, təkcə iqtisadi layihə deyil, Naxçıvanın, onun insanlarının və bütün Azərbaycanın gələcəyi üçün strateji intibah planıdır. Belə ki, gənclər üçün yeni iş yerləri açılacaq, kənd təsərrüfatı məhsullarının ixracı asanlaşacaq, logistika və anbar xidmətləri inkişaf edəcək və turizm bölgəsi olaraq tanınması genişlənəcəkdir. Bütün region ölkələri bu dəhlizin reallaşması üçün siyasi və hüquqi dəstəyi göstərməlidir. Çünki bu, yalnız Azərbaycanın deyil bütün region ölkələrinin gələcəyidir.
Sonda qeyd etmək istəyirəm ki, Vaşinqtonda imzalanan sülh bəyanatı Azərbaycan Respublikası Prezidenti cənab Ali Baş Komandanın diplomatiyasının, siyasi iradəsinin və milli maraqlarının parlaq təntənəsidir. Bu, həm Naxçıvanın, həm də bütün ölkənin iqtisadi, sosial və siyasi inkişafında yeni mərhələnin başlanğıcıdır. Prezident cənab İlham Əliyevin apardığı siyasət Azərbaycanı artıq sülh, inkişaf və tərəfdaşlıq modeli kimi dünyaya nümunə göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Vüsal Məmmədzadə