Naxçıvanın yeni həyatı başlanır

A- A A+

Cənab İlham Əliyev 22 il əvvəl dilə gətirdiyi bütün sözləri,verdiyi bütün ümidləri bu illərdə Ona inanan, ardınca addım-addım milli məqsədlərə doğru irəliləyən milyonlarla vətəndaşımızla birgə reallığa çevirdi.

Azərbaycan Prezidenti deyirdi ki, “biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik” - bu gün Azərbaycan müasir dünyamızın ən zəngin, qüdrətli dövlətləri sırasındadır və dayanıqlı inkişafı ilə öz mövqeyini getdikcə yüksəldir.

Bu həqiqət Ağ Evin binasından daha aydın görünürdü!

Dövlətimizin lideri belə bir zərurəti diqqətə çatdırırdı ki, “Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır”. Azərbaycan Prezidenti düşüncələrindəki belə bir ordunu qurmağı bacardı. Azərbaycan Ordusunu hərbi qüdrətinə, maddi-texniki təchizatına, döyüş ruhuna görə dünyanın ən güclü orduları cərgəsində qərarlaşdırdı. Dövlətimizin istiqlalı, bütövlüyü, suverenliyi, milli maraqları, xalqımızın qürur və ləyaqəti naminə bu ordunun sıralarında göz qırpmadan canını fəda etməyə hazır olan vətənpərvər bir nəsil yetişdirdi.

Ağ Evdə Müzəffər Ali Baş Komandanın məğrur və qalib görkəmi bu hədəfin necə reallaşdığını ən xırda çalarınadək bütün dünyaya bəyan etdi!

Azərbaycan Prezidenti əminliyini ifadə edirdi ki,”Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”. Cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi inkişaf kursunu davam etdirərək, onun formalaşdırdığı ilkin əsaslar üzərində Azərbaycanı qısa zamanda sosial-iqtisadi inkişaf göstəricilərinə görə regionun və dünyanın lider ölkələrindən biri pilləsinə yüksəltdi. Ölkəmizdə həyat standartlarını dəyişən, respublikamızı başdan-başa inkişaf və abadlıq meydanına çevirən bu nailiyyətlər ordu quruculuğu üçün də geniş imkanlar açdı. Eyni zamanda Azərbaycanın getdikcə güclənən beynəlxalq nüfuzu, geostrateji proseslərdə oynadığı əhəmiyyətli rol, etibarlı tərəfdaş kimi qura bildiyi strateji əlaqələr ordumuzun maddi-texniki təchizatının ən müasir standartlar əsasında aparılmasına şərait yaratdı.

Ağ Evdə cənab İlham Əliyevə dünya lideri D.Trampın səmimi dost münasibəti, baş nazir N.Paşinyanın isə qibtə ilə baxması bu ali məqsədin Şuşa, Xankəndi zirvəsinə çatmasını nümayiş etdirdi!

Hələ Vətən Müharibəsindəki Zəfərimizin ilk rəsmi təsdiqi – 10 noyabr bəyanatında Azərbaycan liderinin sülh gündəliyinə daxil etməyə müyyəsər olduğu “Zəngəzur dəhlizi” layihəsi də bu missiyanın son dərəcə əhəmiyyətli parçasıdır.

Azərbaycan Prezidentinin dahiyanə gedişlərindən olan “Zəngəzur dəhlizi” təşəbbüsü ilə ilk vaxtlarda Laçın yoluna qarşı əks balansın yaradılması da nəzərdə tutulurdu. Ermənistanda isə sadəlövhcəsinə düşünürdülər ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyindən geri çəkiləcək.

Rəsmi İrəvanın təxminən 5 ilə qədər müddətdə məsələni yubatması, “Sülh kəsişməsi” adlı utopik layihələrlə baş qatmağa çalışması da bu təşəbbüsü tədricən gündəlikdən çıxarmaq məqsədi güdürdü. Amma Azərbaycan Lideri yenə geri addım atmadı, bu məsələni daim gündəmdə saxladı.

Nəhayət ABŞ-da imzalanmış Birgə Bəyannamə ilə ən böyük məqsədlərimizdən birinə - “Zəngəzur dəhlizi”nin açılmasına, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına - Azərbaycandan Azərbaycana maneəsiz çıxışın təmin edilməsinə nail ola bildi.

Elmi-filoloji prinsiplərə əsaslansaq, əslində bütün adlar şərti səciyyə daşıyır. Belə məqamlarda isə xüsusilə əhəmiyyət verilən məqam addan çox məhz mahiyyətdir. Kommunikasiya xətti "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity - TRIPP) adlandırılsa da, əslində söhbətin mahiyyət etibarilə məhz “Zəngəzur dəhlizi”ndən – Azərbaycanın nail olmağa çalışdığı dəhlizdən getdiyi hər kəsə məlumdur.

Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın Ermənistanın suverenliyi çərçivəsində nəzərdə tutulması, dəhlizin idarəetməsinin ABŞ-da olması isə bir tərəfdən Azərbaycanın guya Zəngəzuru işğal edəcəyi iddiası ilə hay-küy salan ermənipərəstlərə, o cümlədən, keçmiş Bayden administrasiyasına, “Human Rights Watch”, “Freedom House”, USAID kimi bədxah QHT-lərə, “Azadlıq Radiosu”na, digər tərəfdən isə “Zəngəzur dəhlizi” ilə bağlı hansısa “qırmızı xətlərdən” danışan məlum qonşularımıza ən tutarlı cavabdır.

Beləliklə, cənab İlham Əliyev əsrlərdən miras qalmış daha bir problemi aradan qaldırdı: uzun illərdən bəri blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə maneəsiz keçidi tezliklə təmin ediləcək, Naxçıvan iqtisadi rayonu yeni bir strateji inkişaf dönəminə daxil olacaq, blokada vəziyyətinin yaratdığı bütün sosial-iqtisadi çətinliklər keçmişdə qalacaq.

1990-cı ilin 22 iyulunda Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıtması ilə bu bölgə işğaldan, səfalətdən xilas oldu, ən əsası isə Naxçıvanın timsalında Azərbaycanın müsətqilliyinin və dövlət quruculuğunun ilk modelləri böyük müdrikliklə hazırlandı və uğurla tətbiq olundu.

Azərbaycanın əsl müstəqillik və layiqli dövlət quruculuğu prosesi məhz Naxçıvandan başlandı. Bu proses nəticə etibarilə tarixin ən qüdrətli Azərbaycanı və Qarabağda, Şərqi Zəngəzurda Zəfər Bayrağımızın dalğalanması ilə təntənəsini yaşadı. Ulu Öndər Heydər Əliyevin və Qüdrətli Lider İlham Əliyevin rəhbərlik etdikləri bu tarixi epoxalarda Naxçıvan məlum coğrafi vəziyyətinə görə daim strateji prioritetliyini qorudu.

Naxçıvana quru yolunun açılması razılaşması ilə sülh danışıaqlarının son mərhələsi də yekunlaşdı və Prezident İlham Əliyev mütləq Zəfərini qazandı!

Arzu ABDULLAYEV,

Naxıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: