Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə fəaliyyətə başlaması böyük əhəmiyyət kəsb edir
Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, “Orta Dəhliz”in onurğa sütununu təşkil edən Bakı-Tbilisi-Qars Dəmiryolunun tam gücü ilə fəaliyyətə başlaması hamımız üçün vacibdir.
Ərdoğan Kavelaşvili ilə birgə nəqliyyat və logistika layihələrini dəyərləndirərkən bildirib ki, “Türkiyə və Gürcüstan strateji tərəfdaşdırlar. Şərqlə Qərbi birləşdirən “Orta Dəhliz”in əsasını təşkil edən Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsinə ev sahibliyi edir və strateji əhəmiyyətli neft və təbii qaz kəmərlərini paylaşırıq. Əhəmiyyətli potensial təklif edən müdafiə sənayesi və hərbi sahədə əməkdaşlıq məsələsi də gündəmimizin əsas bəndləri sırasındadır”.
Türkiyə prezidenti Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyini ifadə edərkən deyib ki, xüsusən də Azərbaycan və Gürcüstanla xarici siyasət və təhlükəsizlik sahələrində qurduğumuz üçtərəfli mexanizmlər vasitəsilə regional sülhə və əməkdaşlığa öz töhfəmizi veririk.
Nəriman Nəcəfov