Rumıniyanın nüfuzlu “Bursa” nəşrində dərc edilmiş analitik məqalədə bildirilir ki, Prezident İlham Əliyev Rusiya tərəfindən Azərbaycanın SOCAR-a məxsus enerji obyektlərinə və qaz nəqliyyat infrastrukturlarına hava hücumlarına baxmayaraq, Azərbaycan-Ukrayna enerji əməkdaşlığının davam edəcəyinə əmin olduğunu bəyan edib.
NUHÇIXAN-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev bu mövqeyini Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ifadə edib. Hər iki lider Rusiyanın hücumlarını qətiyyətlə pisləyib və bu hücumların ikitərəfli enerji layihələrinə təsir etməyəcəyini vurğulayıb.
Yazıda bildirilib ki, yanvar ayından etibarən Ukrayna Trans-Balkan marşrutu vasitəsilə Azərbaycandan ilk qaz nəqli sınaqlarını həyata keçirib və əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsini planlaşdırdığını açıqlayıb. Lakin bu dövrdə Rusiya Ukrayna ərazisində SOCAR-a məxsus neft anbarlarını və qaz kompressor stansiyalarını hədəfə alan bir neçə hava hücumu həyata keçirib.
Məqalədə vurğulanır ki, bu hadisələr təkcə enerji sahəsində deyil, həm də regionun siyasi dinamikasında yeni gərginliklər yaradır. Bununla belə, prezidentlər İlham Əliyev və Volodimir Zelenski arasındakı möhkəm dialoq və qarşılıqlı etimad enerji resurslarının bölgədə sabitlik və inteqrasiya amili olaraq qalmasını təmin edir. Prezident İlham Əliyev Rusiyanın hücumlarına cavab olaraq Ukraynaya humanitar enerji yardımı məqsədilə 2 milyon ABŞ dolları məbləğində elektrik avadanlığı göndərilməsi üçün göstəriş verib. Analitik məqalədən belə nəticə çıxarılır ki, Azərbaycan bu strateji kursdan geri dönməyəcək, enerji əməkdaşlığı siyasi və geosiyasi dəyişikliklərdən asılı olmayaraq davam etdiriləcək.