Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar rayonu olmaqla bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah Kəlbəcərə hər cür nemətlər, gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini və zənginliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir”.
Kəlbəcər uzun illər ərzində işğal altında qalmış, təbii sərvətləri talan edilmiş, infrastrukturu tamamilə dağıdılmışdı. Bu gün isə ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində bu diyar yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın rayona səfərləri təməlqoyma mərasimləri və bir sıra infrastruktur obyektlərinin açılışı, sakinlərlə görüşlərlə yadda qaldı. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bütün bunlar, həm zəfərlə qazanılmış torpaqlarımızın dirçəlişinin, həm də bölgənin sosial-iqtisadi inkişafına verilən strateji dəyərin göstəricisidir. Aparılan məqsədyönlü siyasət nəticəsində Kəlbəcər qısa müddətdə işğal illərinin yaralarını sarımağa başlayıb. Qarabağ və Şərqi Zəngəzurun digər bölgələri kimi Kəlbəcər də tezliklə inkişaf etmiş, rahat yaşayış məkanı və turizm mərkəzi kimi tanınacaq. Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı kəlbəcərlilərlə görüşdə dediyi kimi: “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz”.
Görüş zamanı Kəlbəcərin müharibə zamanı niyə hərbi əməliyyatla azad edilməməsini Prezident İlham Əliyev ətraflı və diplomatik tərzdə izah etdi: “Kəlbəcəri 2020-ci ilin sonunda, - artıq qış başlamışdır, - hərbi yolla azad etmək böyük itkilərlə nəticələnərdi. Təbii ki, biz azad edəcəkdik. Çünki Ermənistan ordusunu biz o vaxt demək olar ki, məhv etmişdik. Ancaq onların güclü istehkamları var idi. O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək yeganə istiqamət Murov istiqamətindən idi və yenə də deyirəm, biz böyük itkilər verə bilərdik. Ona görə tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi.”
Kəlbəcərin hərbi yox, diplomatik yolla geri qaytarılması Azərbaycanın həm strateji, həm də humanist siyasətinin bariz nümunəsidir. Dövlət başçısının çıxışında vurğuladığı kimi, həmin vaxt hələ də ölkəmizin nəzarətindən kənarda qalan ərazilər vardı və qarşıdakı dövrdə əsas hədəf suverenliyin tam bərpası idi. 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər görülən tədbirlər Azərbaycanın hərbi-siyasi qətiyyətini nümayiş etdirdi və son nəticədə ölkəmizin tam suverenliyinin bərpası ilə nəticələndi. Ölkə başçısının sözləri bir daha təsdiqləyir ki, Azərbaycan dövləti təkcə güc amilinə deyil, həm də diplomatik məharətə söykənərək addım-addım hədəfinə doğru irəlilədi. Bu məqsəd isə açıq idi: Azərbaycan torpaqlarında bir nəfər də olsun separatçı qalmamalı, separatizmin kökü tamamilə kəsilməli idi. Tarixi antiterror tədbirləri ilə də məhz bu məqsəd reallaşdı. Cəmi bir neçə saat davam edən əməliyyat nəticəsində separatçı rejim kapitulyasiya aktına imza atmalı oldu. Beləliklə, həm müharibə meydanında, həm də diplomatiyada qətiyyətimizi göstərərək, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.
Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanla sülh müqaviləsinin müəllifi məhz Azərbaycandır. Sənədin bəndlərinin hazırlanmasında Azərbaycanın mövqeyi əsas götürülüb və bu, dövlətimizin siyasi iradəsinin, prinsipial mövqeyinin nəticəsidir. Bu müqavilənin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Ən mühüm məqam isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin təmin olunmasıdır. Bu, həm tarixi ədalətin bərpası, həm də strateji baxımdan misilsiz nailiyyətdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, 2020-ci ilin noyabrından bu məsələ Azərbaycanın gündəmində daim prioritet olub. Müxtəlif platformalarda aparılan danışıqlar, göstərilən qətiyyət və ardıcıl diplomatik səylər nəticəsində nəhayət, bu hədəfə nail olundu. Ermənistan bu öhdəliyi rəsmi şəkildə qəbul etdi. Artıq perspektiv aydındır: yaxın bir neçə ildə həm avtomobil, həm də dəmir yolu vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə getmək mümkün olacaq. Bu yol, həmçinin beynəlxalq miqyasda yeni nəqliyyat dəhlizi kimi çıxış edəcək.
Azərbaycanın qlobal nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar atılır. Son illər həyata keçirilən layihələr göstərir ki, ölkəmiz təkcə regionun enerji xəritəsini deyil, həm də nəqliyyat xəritəsini formalaşdıran əsas aktora çevrilib. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ərazisindən keçən bir neçə nəqliyyat dəhlizi ölkəmizin strateji əhəmiyyətini artırmaqla yanaşı, beynəlxalq əməkdaşlıq üçün də geniş imkanlar yaradır. Beləliklə, həm Zəngilan istiqamətində sürətlə davam edən dəmir yolu inşası, həm də Naxçıvanda aparılan müasir infrastruktur quruculuğu Azərbaycanın gələcəyə hesablanmış siyasətinin bariz nümunəsidir. Dövlət başçısının da dediyi kimi: “Zəngilana qədər dəmir yolunun inşası artıq yekun mərhələdədir və yaxın gələcəkdə başa çatdırılacaq. Paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolu tam müasir standartlara uyğun şəkildə yenidən qurulacaq”.
Dövlət başçısının Kəlbəcər sakinləri ilə görüşdə səsləndirdiyi “Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq” fikirləri Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan sülh istəyir. Azərbaycan öz ölkəsində, öz bölgəsində, regionunda sülh istəyir, bütün dünyada sülh istəyir. Azərbaycan Ermənistanla münaqişəyə son qoyulmasını, Ermənistanla uzunmüddətli, etibarlı sülh yaranmasını istəyir” çağırışının məntiqi davamıdır. Hər iki çıxışda əsas xətt eynidir: Azərbaycan sülhün tərəfdarıdır, lakin eyni zamanda tarixi dərsləri unutmadan, milli təhlükəsizlik maraqlarını daim qorumaqla bu sülhü təmin etmək niyyətindədir. Bu, həm Ulu Öndərin siyasi kursunun, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir dövrdə həyata keçirdiyi qətiyyətli siyasətin əsas mahiyyətini təşkil edir.
Prezidentin Kəlbəcər səfəri bir daha göstərdi ki, zəfər yalnız hərbi qələbə ilə bitməyib, indi bu qələbə inkişafla davam edir. Kəlbəcər artıq müharibə izlərinin silindiyi, gələcəyə inamla baxan bir bölgəyə çevrilir. “Zəfərdən inkişafa uzanan yol”un real mənzərəsi məhz bu səfərdə öz əksini tapdı. Bütün bunlar Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi növbəti tarixi uğurdur. Bu nailiyyət həm ölkəmizin strateji mövqeyini möhkəmləndirir, həm də regionda dayanıqlı sülh və əməkdaşlıq üçün yeni imkanlar açır.
Qəzənfər Abdullayev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı