Avqustun 25-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Senatının Mədəniyyət və media daimi komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
NUHÇIXAN xəbər verir ki, Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev ölkəmizə səfəri çərçivəsində Nikulesku-Tsıqırlaşın Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə olmasını, “Heydər Əliyev” zirvəsinə yürüşünü yüksək dəyərləndirib. O, parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsir etdiyini deyib, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Azay Quliyev, həmçinin beynəlxalq təşkilatlarda əlaqələrin önəmi və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüb.
Ölkələrimiz arasında münasibətlərə toxunan Kristian-Auqustin Nikulesku-Tsıqırlaş Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram əlaməti olaraq “Heydər Əliyev” zirvəsinə yürüş etdiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlığın potensialı və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini ifadə edib.
Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamal Cəfərov, Aydın Mirzəzadə və Samir Vəliyev, Rumıniyanın Maramureş Vilayət Vəkillər Kollegiyasının rəhbəri Florin Andreykuts çıxış edərək ölkələrimiz arasında münasibətlərin yüksəksəviyyəli siyasi dialoq sayəsində uğurla inkişaf etdiyini bildiriblər. Deputatlar ikitərəfli formatda, parlamentlərarası və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.