Azərbaycan naminə şərəfli missiya

A- A A+

Mehriban xanım Əliyevanın fəaliyyəti Ulu Öndər ideyalarına sədaqətin, cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstəyin mükəmməl örnəyidir

Azərbaycan dövləti  və  xalqı cənab İlham Əliyevin rəhbərliyi altında tarixinin ən qüdrətli mərhələsinə qədəm qoyaraq, Ümummilli Liderimizin müəyyənləşdirdiyi kursla davamlı inkişaf və yüksəliş yolu ilə inamla addımlayır. Bu taleyüklü prosesdə ölkə Prezidentinin ən yaxın silahdaşı isə heç şübhəsiz ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. 
Mehriban xanımın şərəfli adı Azərbaycanın dövlətçilik tarixinin son bir qərinəsinə yaxın dövründə əhəmiyyətli yer tutur. Xalqımızın müstəqillik dövründə milli-mədəni intibahında, haqq səsimizin beynəlxalq miqyasda yayılmasında aparıcı mövqe nümayiş etdirən Birinci xanım son 5 ilə yaxın dövrdə isə böyük quruculuq işləri ilə fəaliyyətinin şanlı zirvəsinə yetişib.

Bütövləşən və konstitusion quruluşu, suverenliyi tam təmin olunan Azərbaycanda Zəfər strategiyasının reallaşmasında, ümummilli hədəflərin gerçəkləşməsində Mehriban xanımın müstəsna xidmətləri var. Haqlı olaraq, cəmiyyətdə Zəfərin Zərif gücü kimi səciyyələnən, Qarabağ və Şərqi Zəngəzurun quruculuğunda örnək fəaliyyət yürüdən Birinci Vitse-prezident öz fədakar missiyası ilə əbədi yaşayacaq nümunələr yaradır və “əsl Azərbaycanlı obrazının” ən mükəmməl təcəssümünü formalaşdırır. 

Tarixi keçmişimizə nəzər yetirsək görərik ki, Azərbaycanın dövlətçiliyin inkişafında, xalqın mənəvi dəyərlərinin formalaşmasında müdrik, qəhrəman qadınların şanlı imzası hər zaman əlahiddə mövqedə olub. Onlar dövlətin, xalqın, cəmiyyətin taleyində mühüm rol oynayıb, bir çoxlarının adları isə hətta bəşər tarixinə yazılıb. Əsrlərə, minilliklərə söykənən bu tarixi missiyanı bu gün öz zərif çiyinlərində daşıyan isə Azərbaycana ləyaqətli xidməti ilə mücəssəməyə çevrilən Mehriban xanım Əliyevadır. Müstəqil Azərbaycanın inkişafının dərinləşməsinə, dövlətçilik ənənələrinin möhkəmlənməsinə, cəmiyyətin ictimai–siyasi, mədəni həyatında və idarəetmə sistemində davamlı yeniliklərin tətbiqinə əvəzsiz töhfələr bəxş edən Mehriban xanımın bu fədakar fəaliyyəti həm də Azərbaycan qadınının mükəmməl obrazını gələcək nəsillərə ötürür. 
Xeyirxahlığı və nəcibliyi, humanizmi və bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdəndir. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin qayəsini təşkil edir. Onun çoxşaxəli fəaliyyəti Azərbaycanın yüksəlişinə, mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələrini verir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. 2004-cü ilin mayından Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan Fonda rəhbərlik edən Mehriban xanım Əliyevanın təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr, saysız-hesabsız xeyriyyəçilik tədbirləri həm ölkə daxilində, həm də ondan kənarda böyük əks-səda yaradır. Fond yarandığı gündən ictimai-siyasi həyatın bütün sahələrinə dərindən nüfuz etdi, çoxşaxəli layihələri ilə dövlət və vətəndaş həmrəyliyinin bariz nümunəsinə, əsl mərhəmət, şəfqət ünvanına çevrildi, ölkəmizdə xeyriyyəçilik hərəkatına böyük təkan verdi. Onun təhsil, səhiyyə, mədəniyyətlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna xidmətə malikdir. Təhsilin inkişafı sahəsində Mehriban xanımın vətənpərvərlik xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri ilə yüzlərlə orta məktəb binası tikilmişdir. 
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunub saxlanmasıdır. Ulu Öndərin ölməz ideyaları və onların Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkəmizin mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin əsasını təşkil edib.
Azərbaycan mədəniyyəti hazırda yeni islahatlar dövrünü yaşayır. Bu sırada Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən proqram və layihələr Azərbaycan mədəniyyətinin qorunmasına və dünyada təbliğ olunmasına layiqli töhfələr verir. Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə fond tərəfindən Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət təmin olunub. Bu baxımdan çox haqlı olaraq Heydər Əliyev Fondunun mədəniyyət sahəsində fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və Mehriban xanım həm də Azərbaycan mədəniyyətinin hamisi kimi qəbul olunur.
Mehriban xanım Vətən yolunda qəhrəmanlıq göstərən, Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olan qəhrəmanlarımızın ailələrinə, sağlamlığını itirən zabit və əsgərlərə, vətən müharibəsi iştirakçılarına yüksək diqqət və qayğını özünün həyat amalı kimi qəbul edib.
Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünyada böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanan, köməyə, yardıma ehtiyacı olanların hər zaman yanında olan Heydər Əliyev Fondu Ulu Öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı ən mühüm layihələrə imza atmış və atmaqdadır. Bunların nəticəsidir ki, Fond Ümummilli Liderin arzu və istəklərinin, onun ideyalarının həmişəyaşarlığını əks etdirən əsas mərkəzə çevrilib. 
İşğaldan azad olunan torpaqlarımızda erməni terrorçuları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası Mehriban xanımın gündəlik diqqətdə saxladığı proritet vəzifədir. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidi, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi, Şuşada görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışı, Şuşa şəhərindəki Xalçaçılıq Qalereyası,“Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri və bu çərçivədə “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” və “Yaddaş, Fotoqrafik tarix” sərgiləri də qısa zaman çərçivəsində reallaşan layihələr Birinci xanımın rəhbərliyində Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti yüksək töhfəsidir.
Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizin həyatında böyük xidmətlərə imza atıb, dövlətinə şərəflə xidmət edib, xalqının böyük rəğbət və sevgisi ilə ucalıb. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Bu ali məramın nəticəsi idi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin fevralında Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu. Bu təyinat cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə milyonların sevgisini qazanmış bir şəxsiyyətin təyin olunması haqlı olaraq Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyətcə yeni və uğurlu mərhələnin başlanğıcı kimi dəyərləndirilmişdir. Yeni vəzifəsində cəmiyyətə ilk mesajlarını vermiş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva demişdir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində birgə olmalıdır... Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qlobal bəşəri dəyərlər, sülh və tolerantlığın təbliğində, fərqli mədəniyyətlər və dinlər arasında dialoq və əməkdaşlıq formatının yaranmasındakı rolu da danılmazdır. Onun təşəbbüsü və dəstəyi ilə elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən irimiqyaslı humanitar layihələr, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri də əhatə edir, müxtəlif qitələrdə əks-səda doğurur. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Onlarla ölkələrin maddi-mədəni dəyəri sayılan tarixi abidələrin təmirində yaxından iştirakı da xüsusi əhəmiyyət kəsb edir. Humanizm, həmrəylik və dözümlülük dəyərlərinə sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu Azərbaycanın dünyada tolerantlığın mərkəzinə çevrilməsində əvəzsiz rol oynayır. Fondun xətti ilə Versal sarayının bir hissəsi və Strasburqda orta əsrlərə aid kilsə, Luvr muzeyi qalereyalarından biri, Roma katakombaları bərpa edilib, Berlin qəsrində, Kapitoli Muzeyində mühüm yenidənqurma işləri görülüb. Vatikan arxivlərində Azərbaycan orta əsrlər əlyazmalarının bərpası və onların rəqəmsallaşdırılması tədbirləri uğurla davam etdirilir. Fond Hollandiya, Gürcüstan, Misir, Rumıniya, Rusiya və digər ölkələrdə də məktəblərin tikintisi və bərpasında yaxından iştirak edir. Mehriban xanımın rəhbərliyində Fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib.
Bunların nəticəsidir ki, Mehriban xanım haqqında “Washington Times” qəzeti belə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.
Bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldub. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. 
Mehriban xanımın hər bir vətəndaşımızın yüksəlişinə xidmət edən qlobal layihələri Heydər Əliyev ideyalarına sədaqətin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstəyin real nümunələridir. Bütün sahələrdəki fəaliyyətini uğurla davam etdirən Mehriban xanım Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına söykənərək milli tərəqqi və intibah prosesinə hər gün öz layiqli töhfələrini verməkdədir.
Deyilənlərin və bütün bu keyfiyyətlərin cəmini xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban xanım Əliyevanın müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında əzmlə çalışması, sadiqliyi, cənab Prezident İlham Əliyevin ictimai dəstəkçisi və ən yaxın silahdaşı olmasıdır.
Bir sözlə, Azərbaycanın Birinci vitse-prezidenti kimi göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər, ömür yolu, sözün tam mənasında, Vətənə xidmət nümunəsidir. Mehriban xanımın vaxtilə dediyi: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam” sözləri bu gün real nəticələrlə öz təsdiqini tapıb.
Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmışdır. 
Bütün bu illər ərzində gərgin əmək sayəsində görülən işlər, həyata keçirilən çoxsaylı layihələr, əldə edilən uğur və nailiyyətlər, ən əsası da milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırdı. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına, xalqın rifahına, keçmişimizdən bu günümüzə bizə işıq salan mədəniyyətimizin, dövlətçiliyimizin qorunmasına, yaşadılmasına xidmət edən Mehriban xanım Əliyeva bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədi taxt qurub.

Mehriban xanımın şanlı imzası – mərhəmət, quruculuq, yardım nümunələri Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən Zəfər bayrağının dalğalandığı ərazilərimizədək hər yerdə minlərlə əməli işə həkk olunub. Eyni zamanda, yüz minlərlə insan öz şəxsi həyatında Birinci Vitse-prezidentin birbaşa dəstəyini, köməyini yaşayıb.
Mehriban xanım Azərbaycanın hər bölgəsinə, hər insanına toxunub – mərhəməti, yardımı, sevgisi və alicənablığı ilə...
Azərbaycanın gücünə güc qatan, Prezidentin misilsiz siyasətini daha da qüdrətləndirən bu missiya isə Mehriban xanım Əliyevanın şərəfli adını xalqımızın yaddaşına əbədi həkk edir və onu milli iftixar nümunəsi zirvəsinə yüksəldir...

Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, 
tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: