Milli Birliyin təzahürü

A- A A+

Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri zəngin və rəngarəngdir. Bu dəyərlərin özünəməxsus şəkildə yaşadıldığı, tarixi hadisələrlə yadda qalan Laçın xalqımızın mənəvi yaddaşında xüsusi yerə malikdir.          

Laçın rayonu Azərbaycanın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Tarixi mənbələrə görə, Laçın ərazisi qədim dövrlərdən bəri insan məskənidir. Burada çoxsaylı arxeoloji tapıntılar, tarixi abidələr, qalalar və digər memarlıq nümunələri mövcuddur ki, bu da onun zəngin tarixini sübut edir. Laçın Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biridir. Bu şəhər hər zaman həm iqtisadi, həm də hərbi nöqteyi-nəzərdən önəmli olmuşdur. Laçın həmçinin zəngin təbii sərvətləri, meşələri, dağları və təmiz havası ilə fərqlənir. Laçın əhalisi əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruyub saxlamış, özünəməxsus mədəniyyət və adət-ənənələri ilə seçilmişdir. Burada yaşayan insanlar musiqi, rəqs, xalq yaradıcılığı və sənətkarlıq sahəsində böyük zənginliyə malikdirlər. Laçın folkloru Azərbaycan folklorunun ayrılmaz hissəsi olub, burada ifa olunan mahnılar, dastanlar, nağıllar və rəqslər ölkəmizin mədəni xəzinəsini daha da zənginləşdirir. Tarixi abidələr – qalalar, məscidlər, türbələr – Laçının mədəni irsinin qorunmasında və gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu abidələr həm də Laçının çoxəsrlik tarixini, xalqımızın iradəsini və sənətkarlığını əks etdirir.

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı. Bu, Azərbaycan tarixində ən faciəli və ağır günlərdən biri oldu. Laçınlılar öz doğma torpaqlarından qovuldu, minlərlə insan məcburi köçkün vəziyyətinə düşdü. İşğal dövründə Laçın şəhəri və ətraf kəndlərdə infrastruktur məhv edildi, tarixi və mədəniyyət abidələri dağıdıldı, insanların həyatı əzablı və ağır şəraitdə keçdi. Məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdı. Onlar üçün yeni evlər tikildi, sosial dəstək göstərildi, amma heç bir şey doğma yurdun həsrətini tam əvəz edə bilməzdi. Həmin illər Azərbaycan xalqının qəlbində Laçına olan sevgini və həsrəti daha da artırdı.          

2020-ci ilin payızında Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində böyük qələbələr qazandı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu hadisə Azərbaycan xalqı üçün tarixi qələbə, milli birliyin və ədalətin bərpası oldu. Laçın şəhərinin azad olunması ilə Azərbaycan üçün böyük bir həsrət sona çatdı və yeni ümidlər doğdu. Laçın şəhəri günü məhz bu əziz torpaqların azad edilməsinin, xalqımızın böyük qələbəsinin qeyd olunduğu xüsusi bir gündür. 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Laçın şəhəri günü bütün Azərbaycan xalqı üçün milli qürur, birlik və gələcəyə olan ümidlərin simvoludur. Bu gün xalqımız bir daha təsdiq edir ki, hər qarış torpaq, hər şəhər və kənd Azərbaycan dövlətinin əzəli və əbədi hissəsidir. Laçın şəhəri günü hər il müxtəlif tədbirlərlə, anma mərasimləri və bayram tədbirləri ilə qeyd olunur. Həmin gün ölkəmizin bütün bölgələrində Laçınla bağlı silsilə tədbirlər təşkil edilir. Dövlət rəsmiləri, hərbi veteranlar, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri bu günün əhəmiyyətini vurğulayır, Laçının azad olunmasının milli həmrəyliyin təcəssümü olduğunu bildirirlər.  Laçın şəhərinin bərpasına böyük diqqət yetirilir. Şəhərin infrastrukturunun yenidən qurulması, yolların çəkilməsi, sosial obyektlərin – məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzlərinin – tikilməsi sürətlə davam edir. Bu prosesdə həm dövlət investisiyaları, həm də xarici dəstək proqramları rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Eyni zamanda kənd təsərrüfatı, turizm, sənaye kimi sahələrə investisiyalar yatırılır. Laçının təbii gözəllikləri, tarix və mədəniyyət abidələri turizm potensialını artırır. Məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtması üçün xüsusi proqramlar hazırlanıb və həyata keçirilir. Bu, həm sosial, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.  Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçın Azərbaycanın milli-mənəvi ruhunun, vətənpərvərlik duyğularının mərkəzlərindən biridir. Burada yaşayan insanlar Azərbaycanlı olmaqla fəxr edir, tarixlərini, mədəniyyətlərini və ənənələrini qoruyur və inkişaf etdirir.

Laçın şəhəri günü yalnız bir şəhərin azadlıq və bərpa gününü deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, vətənpərvərlik duyğusunun və həmrəyliyinin təcəssümüdür. Laçının azadlığı ilə bağlı bu əlamətdar gün bizə göstərir ki, ədalət zəfər çalır, haqq öz yerini tapır.
         

 

Mövlan Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: