Azərbaycanın növbəti diplomatik uğuru

A- A A+

Azərbaycanın təşəbbüsü ilə sülhə gedən yolda daha bir maneə aradan qaldırıldı.

Hərbi uğurlarını diplomatik gedişləri ilə bütünləşdirən Azərbaycan bölgədə sülhə töhfə verməklə yeni reallıqlar yaratmaqda qətiyyətlidir. Bu uğurların davamı kimi heç bir işə yaramayan Minsk qrupunun ləğvi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək. ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar, Azərbaycan üçün mühüm diplomatik nailiyyət hesab olunur və sülh prosesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 1992-ci ildə ATƏT-in tərkibində yaradılan Minsk Qrupu, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçi olaraq təsis edilmişdi. Rəsmi olaraq, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi bu qrupun əsas məqsədi atəşkəsin təmin edilməsi və əsas prinsiplər əsasında münaqişənin həlli yollarını tapmaq idi. Lakin, demək olar ki, 30 illik fəaliyyəti dövründə, bu qrup konkret nəticələr əldə edə bilmədi. Azərbaycan tərəfi dəfələrlə qrupun fəaliyyətsizliyini və qərəzli mövqeyini tənqid etmişdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Bu hadisə bölgədə yeni geosiyasi reallıqlar yaratdı və Minsk qrupunun əsas missiyasını, yəni danışıqlar yolu ilə münaqişənin həllini, praktik olaraq aradan qaldırdı. Müharibədən sonra Azərbaycan, Minsk qrupunun mövcudluğunu mənasız hesab etdiyini və ikitərəfli sülh danışıqlarına üstünlük verdiyini bəyan etdi. Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda bu mövzunu ardıcıl olaraq gündəmə gətirdi və qrupun ləğv edilməsinin vacibliyini əsaslandırdı.

Nəticədə, Minsk qrupunun fəaliyyətinin dayandırılmasına dair qərar Azərbaycanın və Prezident İlham Əliyevin uzun müddət davam edən diplomatik səylərinin məntiqi nəticəsidir. Bu qərar, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin güclənməsinin göstəricisidir.

Artıq Ermənistan və Azərbaycan arasında vasitəçilər olmadan, birbaşa danışıqlar aparılması imkanı yaranıb ki, bu da, iki ölkə arasında münasibətlərin normallaşmasına və uzunmüddətli sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər. Qəbul edilən qərar, həm də beynəlxalq ictimaiyyətin illərlə davam edən bir münaqişənin həllində effektiv olmayan bir formatdan imtina etmək istəyinin ifadəsidir. Əlbəttə ki, bu da, gələcəkdə regionda davamlı sülh və əməkdaşlığın qurulması üçün daha real və şəffaf bir yol açır.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: