Hazırda Azərbaycan və Ermənistan arasında tammiqyaslı normallaşma üçün yeni imkanların açıldığı çox vacib bir dövrdən keçilir.
NUHÇIXAN xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərinin məqsədini şərh edərkən deyib.
Onun sözlərinə görə, yolların açılması və əməkdaşlığın qurulması Cənubi Qafqaz regionunun rifahı üçün mühüm əhəmiyyət daşıyır:
"Mən Avropa İttifaqı adından regional əməkdaşlıq və normallaşma səylərinin bütün aspektlərini dəstəkləmək mandatına malikəm. Biz tərəfdaş kimi həm Azərbaycana, həm də Ermənistana regional əlaqələrin qurulması, nəqliyyat dəhlizləri və digər sahələrdə dəstək veririk və əməkdaşlığı davam etdirməyə hazırıq".