Dünyanın diqqət mərkəzinin yönəldiyi Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci iclası keçirilib. Avrasiya diplomatiyası üçün böyük əhəmiyyət kəsb edən genişmiqyaslı illik sammitdə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak edib. 25-ci iclasda 20 sənəd imzalanıb, eyni zamanda dövlət və hökumət başçıları Tiencin Bəyannaməsini imzalayıblar.
Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələr Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun isə 25 faizini təmin edir. 2001-ci ildə Şanxayda təsis olunan təşkilatın 2015-ci ildə Ufada keçirilən Zirvə görüşündə Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Son on ildə Azərbaycan təşkilatın müxtəlif sammitlərində, forumlarında, ekspert görüşlərində iştirak etməklə yanaşı, regional enerji və nəqliyyat layihələrini də ŞƏT gündəliyinə çıxarmağa nail olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinin Tiencin şəhərinə işgüzar səfəri bu konteksdə mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində iki ölkə başçıları arasında məhsuldar görüş baş tutub. Eyni zamanda, Çinin qabaqcıl şirkətlərinin rəhbərləri ilə nəqliyyat, kommunikasiya, rəqəmsallaşma, energetika sahələrində qarşılıqlı fəaliyyətlə bağlı məsələlər nəzərdən keçirilib. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə əsas tranzit mərkəzlərdən biridir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin Avropaya ən qısa yolla və təhlükəsiz yükdaşımaları üçün imkanlar yaradır. Eyni zamanda, Orta Dəhlizin aparıcı ölkəsi kimi Azərbaycanın rolu diqqətdə saxlanılır. Prezident İlham Əliyevin dediyi kimi: “Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb”.
Prezident İlham Əliyevin səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edərək Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq perspektivlərini müzakirə etməsi Azərbaycanın regional təhlükəsizlik və iqtisadi inteqrasiyada rolunu möhkəmləndirir. Prezident İlham Əliyev bu səfər çərçivəsində Tiencin şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə də danışıqlar aparıb. Enerji, nəqliyyat və müdafiə sahələrində əlaqələrin dərinləşdirilməsi razılaşdırılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanla təmasların olması isə sülh prosesini daha da sürətləndirə bilər. Belə ki, Sammit çərçivəsində Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü zamanı Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıb, təmasları davam etdirmək barədə razılığa gəliblər.
Göründüyü kimi Prezident İlham Əliyevin Çinə səfəri və mötəbər tədbirdə iştirakı ikitərəfli əlaqələrin gücləndirilməsi ilə yanaşı, Azərbaycanın regional proseslərin fəal iştirakçısı olduğunu, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də önəmli töhfələr verdiyini göstərir. “ŞƏT plyus” formatında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan-Çin əlaqlərinin əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidentinin Çindəki "ŞƏT plyus" formatlı görüşdəki çıxışı, Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə, iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinə və nəqliyyat sahəsindəki əməkdaşlığın genişləndirilməsinə həsr olunub. Azərbaycanın regionda Çinin etibarlı tərəfdaşı olduğunu vurğulayan Prezident İlham Əliyev yaxın gələcəkdə Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcəyini, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcəyini bildirib.
Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri də Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası ilə bağlı açıqlaması oldu: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.
Qısacası, Prezident İlham Əliyevin bu çıxışı Çinlə siyasi və iqtisadi əlaqələrin strateji səviyyədə davam etdirilməsi, Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunun gücləndirilməsi və Zəngəzur dəhlizi layihəsinin beynəlxalq əhəmiyyətinin vurğulanması baxımından mühüm əhəmiyyət daşıyır.
Bir sözlə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan–Çin münasibətlərini, Orta Dəhliz və enerji sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyır. Eyni zamanda, region ölkələri ilə strateji dialoqu genişləndirir. Çünki, çoxvektorlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir.
Nəriman Nəcəfov