Azərbaycan-Çin strateji tərəfdaşlığı: Yeni İpək Yolunda regional tranzit və əməkdaşlıq imkanları

A- A A+

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi uzaqgörən regional siyasət ölkəmizi Avrasiyanın mühüm tranzit mərkəzlərindən birinə çevirir. Strateji coğrafi mövqeyimiz, genişlənən nəqliyyat infrastrukturu və iqtisadi əməkdaşlığa açıq siyasətimiz Azərbaycanın beynəlxalq arenada mövqelərini gücləndirir.

Xüsusilə Çin Xalq Respublikası ilə münasibətlərin inkişafı bu prosesin mühüm dayaqlarından biridir. Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana Sammitində Azərbaycan və Çin liderləri arasında iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasına dair bəyannamə imzalanmışdır. Bu sənəd Azərbaycan-Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltmiş, siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün geniş imkanlar açmışdır.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi ŞƏT-in Çinin Tianjin şəhərində keçiriləcək Zirvə görüşünə dəvət etmişdir. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı, ilk növbədə, ölkəmizin beynəlxalq platformalarda nüfuzunu möhkəmləndirməklə yanaşı, regionda yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verəcək. Zirvə görüşünün yekun nəticələri isə Azərbaycanın qlobal tranzit siyasətində, həmçinin Çinlə enerji, ticarət, investisiya və nəqliyyat sahələrində strateji tərəfdaşlığının dərinləşməsinə xidmət edəcəkdir.

Azərbaycanın logistika imkanlarının genişlənməsi – Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq dəniz limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, eləcə də perspektivdə Zəngəzur dəhlizinin açılması – ölkəmizin Çindən Avropaya gedən yolda əsas tranzit körpü rolunu möhkəmləndirir.

Naxçıvan Muxtar Respublikası da bu strateji xəttin ayrılmaz hissəsidir. Regionun coğrafi mövqeyi, dəmir yolu və hava nəqliyyat imkanları yaxın gələcəkdə Naxçıvanı Avrasiya nəqliyyat sistemində əsas tranzit mərkəzlərdən birinə çevirəcək. Bu isə həm Azərbaycanın iqtisadi inkişafına, həm də regional inteqrasiyaya yeni təkan verəcəkdir.

Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız iqtisadi maraqların deyil, həm də bölgədə sabitlik, etimad və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin möhkəmləndirilməsinin ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət ölkəmizin regional və qlobal miqyasda mövqelərini daha da gücləndirəcək.

Üzeyir MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: