3 Sentyabr: Naxçıvandan başlanan xilaskar yol

A- A A+

XX əsrin sonlarında Azərbaycan xalqı tarixinin ən mürəkkəb mərhələsini yaşayırdı. Sovet imperiyasının dağılması ilə yaranmış siyasi xaos, Ermənistanın işğalçılıq siyasəti, iqtisadi çöküş, daxili parçalanmalar müstəqilliyini elan etmiş gənc dövləti uçurumun kənarına gətirib çıxarmışdı. Bu gərgin dövrdə Ümummilli Lider Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı və ardınca 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın gələcək taleyində həlledici dönüş yaratdı.

Naxçıvan tarixi-coğrafi baxımdan Azərbaycan üçün strateji əhəmiyyətə malik bölgədir. 1990-cı illərin əvvəllərində bu qədim diyar həm Ermənistanın hərbi təcavüzü, həm də daxildəki siyasi böhran səbəbindən təcrid olunmuş vəziyyətdə idi. Lakin məhz burada Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsini tətbiq edərək, milli dirənişin mərkəzini formalaşdırdı.

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında qəbul edilən tarixi qərarlar – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi kimi təsdiqlənməsi, sovet atributlarının ləğvi və Ali Sovetin adının Ali Məclisə dəyişdirilməsi – Azərbaycanın müstəqilliyə aparan yolunda hüquqi və siyasi zəmin yaratdı. Əslində həmin sessiya Azərbaycanın gələcək dövlət quruculuğunun siyasi laboratoriyası rolunu oynadı.

Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi ilə Naxçıvan təkcə bir muxtar respublika deyil, bütövlükdə Azərbaycan üçün siyasi dayaq məntəqəsinə çevrildi. Həmin gündən başlayaraq qəbul olunan qərarlar ölkənin taleyinə birbaşa təsir göstərdi. Ən çətin şəraitdə Heydər Əliyev həm Naxçıvanda ictimai-siyasi sabitliyi təmin etdi, həm də bütün Azərbaycan üçün strateji hədəfləri müəyyənləşdirdi.

Onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da qəbul edilən qərarla “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” təsis edildi. Bu, yalnız bir bayramın elan olunması deyildi; milli birliyin, diaspor siyasətinin və qlobal miqyasda Azərbaycançılıq ideologiyasının formalaşdırılmasının başlanğıcı idi.

Heydər Əliyev Naxçıvanda yalnız inzibati idarəetməni həyata keçirməklə kifayətlənmədi, həm də milli təfəkkürün formalaşmasına önəm verdi. Onun təşəbbüsü və siyasi iradəsi nəticəsində qısa müddət sonra – 1992-ci ildə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Bu partiya illər ərzində milyonlarla insanın siyasi dayağına çevrilərək müasir Azərbaycanın idarəçilik sisteminin aparıcı qüvvəsinə dönmüşdür.

Naxçıvan dövrü Heydər Əliyevin dövlətçilik irsinin ən mühüm mərhələsi sayılır. Çünki burada onun qəbul etdiyi qərarlar sonrakı illərdə Azərbaycanın müstəqilliyinin qorunması, iqtisadi-siyasi inkişafı və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi üçün baza rolunu oynadı.

1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi və dövlətçiliyin süqutu təhlükəsi ilə üz-üzə idi. Məhz bu məqamda xalqın təkidli tələbi ilə Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı ölkəni fəlakətdən xilas etdi. Onun rəhbərliyi altında Azərbaycanda siyasi sabitlik bərpa olundu, yeni Konstitusiya qəbul edildi, ordu quruculuğu prosesinə start verildi və müstəqil dövlətin möhkəmlənməsi təmin edildi.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət – Azərbaycanın ərazi bütövlüyünün bərpası, iqtisadi gücünün artması, beynəlxalq nüfuzunun yüksəlməsi – birbaşa Heydər Əliyevin qoyduğu təməl üzərində qurulub. Xüsusilə 2020-ci ildəki tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam bərpa olunması Heydər Əliyevin arzuladığı güclü Azərbaycanın reallığa çevrilməsidir.

3 sentyabr 1991-ci il təkcə bir seçki tarixi deyil. Bu gün Azərbaycanın xilası, müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmlənməsi yolunda dönüş nöqtəsidir. Heydər Əliyevin Naxçıvanda atdığı addımlar milli dövlətimizin mövcudluğunu təmin etmiş, onun Bakıya qayıdışı isə müasir müstəqil Azərbaycanın qurulmasını mümkün etmişdir.

Bugünkü qüdrətli Azərbaycan – məhz 34 il əvvəl Naxçıvanda başlanmış siyasi kursun məntiqi nəticəsidir.

Əli Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: