Elnur Məmmədov: Peru Azərbaycanla viza rejimini tamamilə ləğv etməyi təklif edir

A- A A+

Peru Azərbaycanla viza ləğvi sazişinin bütün pasport kateqoriyalarına şamil edilməsi təşəbbüsü ilə çıxış edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru "Andina" informasiya agentliyinə müsahibəsində bildirib.

"2013-cü ildə biz Peru ilə diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi haqqında saziş imzaladıq. İndi Peru bu sazişin bütün pasportlara şamil edilməsini təklif edib", - diplomat bildirib.

E.Məmmədovun sözlərinə görə, ölkələr arasında turist axınının inkişafı birbaşa hava əlaqəsinin və viza rejiminin olması kimi əsas amillərlə bağlıdır: "Əgər birbaşa uçuşlar varsa, hər iki istiqamətdə daha çox turist gözləmək olar. Hazırda birbaşa uçuşlar yoxdur. Vizalarla bağlı vəziyyət daha yaxşıdır: Peru vətəndaşları hava limanına gəldikdə viza ala bilərlər, proses sürətli və sadədir".

XİN başçısının müavini, enerji əməkdaşlığını ikitərəfli münasibətlərin mühüm aspekti adlandırıb: "Biz enerji sahəsində əməkdaşlığı genişləndiririk. Peruya neft satırıq və mayeləşdirilmiş təbii qaz alırıq, həmçinin dünya bazarında mayeləşdirilmiş təbii qaz ticarəti aparırıq. Son iki ildə Azərbaycan və Peru arasında enerji sahəsində əhəmiyyətli sazişlər olub. Bu, XİN-də ilk siyasi məsləhətləşmələr çərçivəsində müzakirə etdiyimiz mövzulardan biridir".

Diplomat, həmçinin qeyd edib ki, Azərbaycan Latın Amerikasının bir sıra ölkələri ilə iqtisadi əlaqələri, o cümlədən neft və gübrə ticarətini fəal şəkildə inkişaf etdirir.

"Kənd təsərrüfatı və mədən sənayesi, xüsusilə metal hasilatı əməkdaşlığın perspektivli istiqamətləridir. Biz bu regiondan çoxsaylı kənd təsərrüfatı məhsulları alırıq: avokado, soya, böyürtkən, quşüzümü və digər məhsullar. Səfərin məqsədi həm də əməkdaşlığın bu sahəsini nəzərdən keçirməkdir. Bu gün XİN-dəki həmkarlarımızla ticarət dövriyyəsinin strukturunu müzakirə etdik: əsasən Perudan Azərbaycana avokado, quşüzümü, böyürtkən, Azərbaycandan Peruya isə sürtkü yağları idxal olunur.

Biz ticarət strukturunu necə yaxşılaşdıra biləcəyimizi, portfelə necə daha çox məhsul əlavə edə bilcəyimizi müzakirə etdik. Bunun üçün isə Azərbaycanın nələri ixrac edə biləcəyi barədə əlavə məlumat lazımdır. Latın Amerikası regionunun coğrafi uzaqlığını və logistik çətinliklərini nəzərə almaq lazımdır", - nazir müavini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: