UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələn əcnəbilər üçün viza proseduru sadələşdirilib
Prezident İlham Əliyev “UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamla müəyyən edilib ki, UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:
1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu,
2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd,
3. UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyununa bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb.
Bundan başqa, nazirliyə UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırığı da verilib.