Səfir: Azərbaycan Prezidentinin Çinə səfəri iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan oldu
Azərbaycan Prezidentinin bu yaxınlarda Çinə səfəri iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan olub, həmçinin dövlətlərin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini məzmunca zənginləşdirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey Prezident İlham Əliyevin bu ölkəyə səfərinin yekunlarının şərhinə həsr olunmuş brifinq zamanı bildirib.
Səfir deyib: “Prezident İlham Əliyevin səfəri çərçivəsində keçirilən tədbirlərdə iştirak etdiyim Pekindən yenicə qayıtmışam. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə ŞƏT-in 2025-ci il Zirvə görüşündə, Çin xalqının yapon təcavüzkarlarına qarşı müqavimət müharibəsində Qələbəsinin və dünya antifaşist müharibəsində qələbənin 80-ci ildönümünün qeyd edilməsi münasibətilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-dan sentyabrın 3-dək Çində səfərdə olub. Prezident İlham Əliyevi hava limanında yola salanda, o, səfərdən məmnunluğunu ifadə etdi, Çin tərəfindən səmimi və dostcasına qarşılanmaya görə minnətdarlığını bildirdi.