Vaşinqtonda avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması Qafqaz regionu üçün onilliklər boyu davam edən düşmənçilik və qanlı münaqişələrdən sonra tarixi bir mərhələdir.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "I24 News" telekanalına müsahibəsində deyib.
O bildirib ki, bu saziş ili ölkə arasındakı münasibətlərin normallaşmasında çox önəmli bir irəliləyişdir:
"Hazırda bu irəliləyiş sadəcə sazişin paraflanmasıdır, yəni yekun imzalanma deyil. Daha irəli getmək üçün Ermənistanın konkret addımlar atması, xüsusən də Azərbaycan əleyhinə ərazi iddialarını aradan qaldırmaq məqsədilə Konstitusiyasını dəyişdirməsi lazımdır".
Diplomat ABŞ Prezidenti Donald Trampın şəxsi iştirakı və diplomatik çəkisinin bu nəticənin əldə olunmasında həlledici olduğunu vurğulayıb:
"Ümid edirəm ki, bu proses Qafqazda əməkdaşlıq, sabitlik və iqtisadi tərəqqi üzərində qurulmuş yeni bir dövr açacaq".
Azərbaycanın vasitəçi rolunun artması, xüsusilə İran və İsrail arasında vasitəçilik barədə soruşulduqda Əmirbəyov bildirib ki, Azərbaycan 1991-ci ildən müstəqilliyini əldə etdikdən sonra çoxvektorlu xarici siyasət aparır:
"Biz İsrail və İranla münasibətlər də daxil olmaqla daxil olmaqla qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan münasibətlər qururuq".
Azərbaycan özünü təbii dialoq platforması kimi təqdim etmək, gərginliyi yumşaltmaq üçün sakit diplomatiyaya töhfə vermək niyyətindədir, hətta tarixən düşmən münasibətləri olan ölkələr arasında belə.
İsrail-Fələstin münaqişəsi ilə bağlı isə Əmirbəyov bir daha vurğulayıb ki, iki dövlətli həll real və davamlı sülh üçün yeganə yoldur. Qlobal idarəçilik məsələsini müzakirə edərkən isə o, BMT Təhlükəsizlik Şurasının islahatının vacibliyini, onu köhnəlmiş hesab etdiyini vurğulayıb. "Biz qlobal idarəçiliyi müharibə yolu ilə deyil, dialoq yolu ilə dövrümüzə uyğunlaşdırmalıyıq",- deyə Əmirbəyov dünyada daha çox əməkdaşlıq və daha az qarşıdurma çağırışı edib.