Ziyafət Əsgərov: Azərbaycan Vaşinqton razılaşması ilə yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır

A- A A+

Vaşinqtonda imzalanan sənədlər, xüsusilə 17 maddədən ibarət Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması dövlətimizin diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir. Həmin sənədin imzalanması Ermənistan tərəfindən də ABŞ-ın vasitəçiliyi və şahidliyi ilə təsdiq olunub ki, bu da beynəlxalq miqyasda sülhün, əməkdaşlığın genişlənməsi istiqamətində mühüm addımdır.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.

O, Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfərinin Azərbaycan-Amerika münasibətləri baxımından mühüm tarixi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Vaşinqton razılaşması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və diplomatik fəallığının məntiqi nəticəsidir. Həmçinin illər boyu heç bir real nəticə verməyən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə də toxunan Z.Əsgərov bu qrupun artıq tarixi arxivə qovuşduğunu diqqətə çatdırıb.

Sədr müavini sənəddə xüsusilə yer alan Zəngəzur dəhlizini strateji əhəmiyyətli məqam kimi qiymətləndirib. Onun sözlərinə görə, bu dəhliz maneəsiz əlaqənin təmin edilməsinə şərait yaradacaq: “Eyni zamanda, imzalanmış sənədlər Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçməsinin əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır. Vaşinqton razılaşması bu prosesin bariz nümunəsidir və sülh diplomatiyasının, həmçinin müdrik liderliyin təntənəsidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: