Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Media Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
ADRA-dan NUHÇIXAN-a verilən məlumata görə, memorandum açıq məkanda yayımlanan reklamların məzmununun monitorinqi və bu sahədə fəaliyyətin tənzimlənməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.
Eyni zamanda sənəd açıq məkanda reklam sektorunda mövcud qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də bazarın tələblərinə və beynəlxalq qabaqcıl təcrübələrə uyğun əməkdaşlıq sahələrinin inkişafı və genişləndirilməsi məqsədi daşıyır.
Memorandum çərçivəsində tərəflər informasiya texnologiyalarının tətbiqi, innovativ həllərin hazırlanması, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və strateji planlaşdırma sahələrində birgə fəaliyyət göstərəcəklər.
Zəruri hallarda birgə işçi qrupların yaradılması və açıq məkanda yayımlanan reklamların məzmununun monitorinqi ilə bağlı davamlı məlumat mübadiləsinin aparılması da nəzərdə tutulur.
Sənədə əsasən aidiyyəti qurumların mütəxəssisləri üçün bilik və bacarıqların artırılmasına yönəlmiş konfrans və seminarların təşkili planlaşdırılır.