Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü təmin edən 23 saat 43 dəqiqə

Separatizmə son qoyulması ilə nəticələnən antiterror tədbirlərindən iki il ötür

A- A A+

Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Məhz uğurla aparılan həmin əməliyyatdan sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan Bayrağı yüksəldildi, ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa edildi. Həmin il noyabrın 8-də Xankəndi şəhərində möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin simvoluna çevrildi.

NUHÇIXAN AZƏRTAC-a istinadən taleyüklü antiterror əməliyyatının gedişinə və tarixi əhəmiyyətinə bir daha nəzər salaraq bəzi məqamları xatırladır.

Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən bir neçə amil var idi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, qeyri-qanuni hərbi birləşmələr Qarabağdan tam çıxarılmamışdı və onların tərk-silah edilməsi, ərazidən çıxarılması ilə əlaqədar heç bir tədbir görülmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı.

Qonşu ölkənin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Baş verənlər göstərirdi ki, təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı iddialarından əl çəkmədiyi kimi, qondarma qurumun qondarma “rəhbərliyi” də Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiya edilməsi təklifləri ilə razılaşmaq istəmir. Bütün bunlar özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il ötməsinə baxmayaraq, təxribatlar və terror aktlarının davam etməsi antiterror əməliyyatının keçirilməsindən başqa çıxış yolu qoymurdu.

Qarşı tərəfin yaratdığı dözülməz vəziyyətə son qoymağın vaxtı çatmışdı. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə tapşırıq verildi və sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə başlanıldı.

Antiterror tədbirlərinə 2023-cü il sentyabrın 19-da, təxminən saat 13:00-da start verildi. Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə icra edilən əməliyyat nəticəsində sıradan çıxarılır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayırdı: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.

Aparılan tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Xeyli sayda canlı qüvvə məhv edildi. Gecə saatlarında Müdafiə Nazirliyi antiterror tədbirlərinin aparıldığı rayonda silahın yerə qoyulması ilə bağlı çağırış etdi. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağın dağlıq hissəsindəki erməni hərbi qüvvələri tərəfindən həmin çağırış qəbul olunmadı və sentyabrın 20-də döyüş əməliyyatları yenidən davam etdirildi. Həmin gün qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu 6 “Ural” markalı hərbi avtomobil və 4 minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürüldü. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi. .

Ermənilərin uzun müddət ərzində qurduqları və möhkəmləndirdikləri mövqeləri əməliyyata cəlb edilmiş Azərbaycan Ordusunun bölmələrinin yüksək peşəkarlığı sayəsində məharətlə məhv edildi. Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə olunan tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının səmərəli istifadəsi əməliyyatın uğurla nəticələnməsində böyük rol oynadı.

Azərbaycan Ordusunun döyüşçüləri bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsdi. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetirdilər. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki və şəxsi obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etdi. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah oldu. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri dəmir barmaqlıqlar arasına salındı və Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi sözlər antiterror tədbirlərinin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: “Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar...

Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni, bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu”.

Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Antiterror əməliyyatları Vətən müharibəsindəki böyük Qələbənin, möhtəşəm Zəfərin davamı kimi tariximizə əbədi yazıldı. Azərbaycanın inamlı Qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Uğurla yekunlaşan həmin əməliyyat nəticəsində Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin olundu, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa edildi.

Bu gün üçrəngli Azərbaycan Bayrağı Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Son illər ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verib. Vaxtilə erməni quldur birləşmələrinin xaraba qoyduğu Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məskənləri salınır, infrastruktur obyektləri inşa edilir, müasir üslubda tikilmiş abad şəhər və kəndlər öz qapılarını sakinlərin üzünə açır. Düşmən əsarətindən qurtulan bölgələr azad nəfəs alaraq ölkəmizin abad, gözəl və yaraşıqlı bir guşəsinə çevrilir…

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: