Müstəqillik və suverenlik anlayışları hər bir xalqın tarixi taleyində xüsusi əhəmiyyətə malikdir. Azərbaycan xalqı əsrlər boyu azadlığı, milli kimliyi və dövlət müstəqilliyi uğrunda mübarizə aparıb. XX əsrin sonlarında SSRİ-nin süqutu nəticəsində yenidən müstəqilliyinə qovuşan Azərbaycan, yalnız siyasi-hüquqi müstəqilliyini deyil, eyni zamanda öz əraziləri üzərində tam suverenliyini təmin etmək uğrunda da uzun və çətin bir yol keçib.
1991-ci ildə dövlət müstəqilliyi bərpa olunsa da, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizdən çoxu işğal altında idi.
Azərbaycanın son 30 ildə keçdiyi yol göstərdi ki, suverenlik yalnız beynəlxalq hüququn verdiyi bir status deyil, həm də real siyasi və hərbi gücün nəticəsidir. Əgər dövlət öz ərazisi üzərində hakimiyyətini təmin edə bilmirsə, o zaman hüquqi cəhətdən mövcud olan suverenlik formal xarakter daşıyır.
30 illik işğal...
1980-ci illərin sonu 1990-cı illəərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğal olundu. Bu işğal faktı Azərbaycanın dövlət suverenliyini məhdudlaşdırdı, ölkəmizin beynəlxalq nüfuzuna və iqtisadi inkişafına böyük zərbələr vurdu.
Ermənistan işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirdi, şəhər və kəndləri dağıtdı, mədəni və dini irsimizi məhv etdi. Azərbaycan xalqı Xocalı soyqırımı kimi dəhşətli faciə ilə üz-üzə qaldı. Bununla yanaşı, beynəlxalq təşkilatların-xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsi icra olunmadı, işğal faktı aradan qaldırılmadı.
Bu dövr ərzində faktiki olaraq Azərbaycan dövləti həmin yaşayış məntəqələrimizdə tam hakimiyyətə malik deyildi. Bu isə dövlət suverenliyi anlayışının yalnız kağız üzərində mövcud olduğunu göstərirdi.
44 günlük müharibə və dönüş nöqtəsi
2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatları və hərbi təcavüzü nəticəsində Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan ordusu düşməni darmadağın etdi, tarixi torpaqlarının böyük bir hissəsini işğaldan azad etdi.
Bu müharibə Azərbaycanın dövlət suverenliyinin təmin olunmasında dönüş nöqtəsi oldu. Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də beynəlxalq hüququn norma və prinsiplərinin real şəkildə işləməsini təmin etdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi.
Laçın nəzarət-buraxılış məntəqəsi...
44 günlük müharibədən sonra bölgədə qondarma “Dağlıq Qarabağ rejimi”nin fəaliyyətini davam etdirməsi, Ermənistandan qanunsuz silah daşınması suverenlik üçün ciddi təhdid idi. 2023-cü ilin aprelində Azərbaycan dövləti strateji və qətiyyətli addım ataraq Laçın-Xankəndi yolunun başlanğıcında -Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi qurdu.
Bu addım Azərbaycanın öz sərhədləri boyunca tam nəzarəti təmin etməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Artıq ölkə daxilində qanunsuz silah daşınmasına son qoyuldu, suverenliyin əsas atributlarından olan sərhəd nəzarəti bərpa edildi. Bu hadisə Azərbaycanın güclü dövlət olduğunu, beynəlxalq hüquq normalarına uyğun davranaraq öz ərazisində qaydaları müəyyən etdiyini bütün dünyaya göstərdi.
Antiterror...
Azərbaycanın dövlət suverenliyi baxımından ən mühüm mərhələ 2023-cü ilin sentyabrında baş verdi. Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərinə başladı.
24 saatdan daha az davam edən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edildi, qanunsuz silahlı birləşmələr ləğv olundu və qondarma “Dağlıq Qarabağ rejimi” özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam şəkildə bərpa olundu.
Prezident İlham Əliyev Qarabağ Universitetində çıxışında bu hadisəni belə xarakterizə etmişdir:
“Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
Dövlət suverenliyimiz əbədidir, sarsılmazdır
Bu tarixi hadisələrin məntiqi nəticəsi kimi, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr – Dövlət Suverenliyi Günü təsis edildi. Bu günün təqvimə daxil edilməsi Azərbaycan xalqının onilliklər boyu davam edən mübarizəsinin rəmzidir.
Dövlət Suverenliyi Günü yalnız 2020-ci ilin Zəfərini və 2023-cü ilin antiterror əməliyyatını deyil, həm də Azərbaycan dövlətçiliyinin bütövlükdə inkişaf yolunu, xalqın mübarizə əzmini əks etdirir.
Konstitusiyon hüuqların yeni mərhələsi
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı Sərəncamla 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu, dövlət suverenliyinin yalnız hərbi-siyasi baxımdan deyil, həm də hüquqi və ideoloji müstəvidə möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Konstitusiya və Suverenlik anlayışlarının vəhdəti Azərbaycanın milli kimliyini, dövlətçilik ənənələrini və beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirəcək.
Xalqımızın mübarizə əzmi, ordumuzun qəhrəmanlığı və ölkə Liderinin qətiyyətli siyasəti nəticəsində Azərbaycan yalnız öz ərazi bütövlüyünü deyil, həm də dövlətçilik iradəsini tam şəkildə bərpa etdi.
Bu gün Azərbaycan dünya miqyasında suveren, güclü və öz sözünün sahibi bir dövlət kimi tanınır. 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın tarixi yaddaşında əbədi qalacaq, gələcək nəsillərə müstəqilliyin və suverenliyin qorunmasının vacibliyini xatırladacaqdır.
Nicat Quliyev
Naxçıvan Televiziyasının baş redaktoru