27 Sentyabr - Qələbəyə gedən yol: Səbir, iradə və zəfər

A- A A+

Azərbaycan xalqının yaddaşına silinməz izlərlə yazılmış günlər var. Bu günlərdən biri də 2020-ci il 27 sentyabrdır. Hər il bu tarixdə biz Vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizi anır, qazilərimizin fədakarlığını yad edirik. 27 sentyabr həm kədər, həm də qürur günümüzdür. Bu tarix Azərbaycanın illərlə davam edən işğal siyasətinə, ikili standartlara, beynəlxalq ədalətsizliyə qarşı “səbir kasası”nın dolub daşdığı və nəticədə tarixi Zəfərə, işğaldan azad edilmiş torpaqlarımıza qovuşduran yolun başlanğıc tarixidir. Prezident cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

XX əsrin əvvəllərindən etibarən erməni daşnaklarının ifrat millətçiliyə əsaslanan ideologiyası bölgədə daim qanlı qarşıdurmaların mənbəyi olub. “Dənizdən dənizə Ermənistan” kimi sərsəm və utopik ideyalarla yaşayan rəsmi İrəvan, xarici havadarlarının dəstəyi ilə silahlandırılaraq Azərbaycan torpaqlarının 20 faizini işğal etdi, yüz minlərlə soydaşımız yurd-yuvasından didərgin salındı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilməsi və beynəlxalq qətnamələrin kağız üzərində qalması, “ikili standartlar” isə ədalətin bərqərar olmasını ləngitdi.

Belə bir deyim var: “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”. Bütün bu illər ərzində Azərbaycan daim beynəlxalq hüquqa sadiq qaldı, münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışdı. Lakin Ermənistan tərəfinin ardıcıl təxribatları, ikili standartlarla üzləşən Azərbaycan xalqı üçün artıq müharibəni qaçılmaz etdi.

Burada xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, ordu quruculuğu və milli-mənəvi yüksəliş Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir. Xalqını xoşbəxt görmək, onun milli maraqlarını qorumaq, Vətənini müstəqil etmək, ərazi bütövlüyümüzü təmin etmək Ulu Öndərin həyatının mənası idi.

 

Ulu Öndər demişdir: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq”. Dahi Öndərin bu uzaqgörən fikirləri yalnız bir vəsiyyət kimi yox, gələcək qələbəmizin yol xəritəsi kimi tarixə həkk olundu. Onun əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirildi. Və nəticədə dövlət başçısı cənab İlham Əliyevin də bu fikri təsdiqləyərək dediyi kimi: “Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. ...nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir”.

Beləliklə, Ulu Öndərin əsasını qoyduğu və Prezident cənab İlham Əliyevin ardıcıl şəkildə davam etdirdiyi siyasət Azərbaycanı möhtəşəm Zəfərə aparan yol oldu.

44 günlük müharibədə və sonrakı mərhələdə cənab İlham Əliyevin hərbi-siyasi liderliyi həlledici rol oynadı. Dövlət başçısının hər gün xalqa etdiyi müraciətlər cəbhədə döyüşən əsgər və zabitlərimizə, eləcə də bütün xalqımıza güc verdi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə Prezidentlə çiyin-çiyinə çalışaraq həm ön cəbhədə, həm də arxa cəbhədə böyük dəstək nümayiş etdirdi. Onun humanist fəaliyyəti, əsgər və şəhid ailələrinə göstərdiyi qayğı dövlətin öz vətəndaşının yanında olduğunun parlaq sübutu idi.

Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra da Ermənistan təxribatlarını davam etdirməyə çalışdı. Lakin 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycan öz suverenliyini tam bərpa etdi. Qarabağda separatçılıq birdəfəlik ləğv olundu, üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə ucaldıldı. Bu, Azərbaycan dövlətinin müstəqillik tarixində yeni bir mərhələ oldu. Beləliklə, Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsində 30 ilədək işğal altında olan torpaqlarımız müzəffər ordumuz tərəfindən düşmən tapdağından azad olundu, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildi. Bununla həm tarixi ədalət bərpa olundu, həm də “Azərbaycan müstəqil dövlətdir, müstəqil dövlət kimi onun ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bərpa edilməli, təmin edilməli və qorunmalıdır”,- deyən Ümummilli Liderimizin arzuları reallaşdı.

Qələbənin qazanılmasında canından keçən şəhidlərimiz və qazilərimiz xalqımızın daim qürur mənbəyidir. Vətən müharibəsindəki Qələbə münasibətilə yeni medal və ordenlərin təsis edilməsi Qələbənin əbədiləşdirilməsi və bu tarixi Zəfərin əldə olunmasında iştirak edənlərə ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Bu, dövlətimizin öz qəhrəman övladlarına göstərdiyi yüksək diqqət və ehtiramın bariz nümunəsidir. Hər bir medal və orden yalnız şəxsi şücaətin deyil, həm də xalqımızın birliyinin və ədalətli mübarizəsinin rəmzi kimi qəbul olunur. Şəhidlərimiz və qazilərimiz Azərbaycan gəncliyi üçün örnək, milli ruhun daşıyıcısı və gələcək nəsillərin yol göstəricisinə çevrilmişdir. Eyni zamanda, dövlətimiz tərəfindən bütün şəhid ailələrinə və qazilərə lazımi dəstək göstərilir, onların sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması ilə bağlı layihələr hazırlandı və tikinti işlərinə başlanıldı. Zəfər parkının girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

Beləliklə, qəhrəman hərbi qulluqçularımızın göstərdiyi şücaət və igidlik, dövlət başçısının onları yüksək mükafatlarla təltif etməsi xalqımızın bir daha Vətənə bağlılığını və dövlətimizin gücünü nümayiş etdirir. Bu tarixi Qələbə yalnız hərbi sahədə deyil, həm də milli-mənəvi dəyərlərimizin möhkəmlənməsində mühüm rol oynamış, Azərbaycanın dünya arenasında güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirmişdir. Dövlət başçımızın da dediyi kimi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.                                                                      

Bu gün Azərbaycan qalib dövlət olaraq regionda yeni reallıqlar formalaşdırıb. ABŞ-də baş tutmuş tarixi görüşdə Prezident cənab İlham Əliyevin diplomatik məharəti və qətiyyətli mövqeyi sayəsində sülh prosesində mühüm irəliləyiş əldə olundu. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi bir daha təsdiq olundu. Bu da göstərir ki, müharibəni sona çatdıran, işğalı aradan qaldıran Azərbaycan uzunmüddətli sülhün təminatçısı kimi öz sözünü deyir.

27 sentyabr - Anım Günü xalqımızın yaddaşında həm kədər, həm də qürur günü kimi qalacaq. Kədər Vətən uğrunda canından keçənlərin itkisi, qürur isə dövlətimizin, ordumuzun, xalqımızın birlik və iradəsi ilə əldə olunan möhtəşəm Qələbədir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü, ən nüfuzlu dövlətinə çevrilib.

“Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda həmişə olacağam” - Ulu Öndər Heydər Əliyevin bu tarixi kəlamı, bu həqiqət öz əksini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında tapır. Prezident cənab İlham Əliyev yalnız bir siyasətçi kimi deyil, həm də Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı, milli iradənin təcəssümü, xalqın güvənc yeri olaraq həmin sözlərin canlı sübutudur. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən, milli maraqlarını cəsarətlə müdafiə edən, güclü iqtisadiyyat və müasir orduya malik qüdrətli dövlətə çevrilib. Bu gün Vətənimizin hər qarışında, xalqın hər düşüncəsində dahi şəxsiyyət Heydər Əliyevin adı ilə yanaşı, cənab İlham Əliyevin fəaliyyəti, qətiyyəti və dövlətçilik iradəsi dayanır.

 

Qəzənfər Abdullayev

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: