İtaliya mediası Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfərindən yazır - FOTOLAR
İtaliyanın mətbu orqanları ölkə Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərini diqqət mərkəzində saxlayıb.
NUHÇIXAN xəbər verir ki, “RAI”, “Adnkronos”, “Italpress”, “Askanews”, “Il Sole 24 Ore”, “Borsa Italiana”, “La Gazzetta del Mezzogiorno”, “Virgilio”, “Cremaoggi” kimi informasiya agentlikləri və xəbər portallarının yaydığı materiallarda Bakıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Sercio Mattarella üçün rəsmi qarşılanma mərasiminin keçirildiyi, iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərinin olduğu, mətbuata bəyanatlarla çıxış etdikləri bildirilir.
Yazılarda Sercio Mattarellanın İtaliya-Azərbaycan arasında münasibətlərin inkişaf etdiyini dediyi, iki ölkənin mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq qurduqlarını qeyd etdiyi diqqətə çatdırılır. İtaliya Prezidentinin Azərbaycanın geniş şəkildə çox nüfuzlu bir tərəfdaş olduğunu vurğuladığı və ölkəsinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində addımlar atacağını deyib.
Materiallarda rəsmi Roma ilə Bakı arasında illərdir dostluq, strateji tərəfdaşlıq və hərtərəfli anlaşmanın formalaşdığı, TAP boru kəməri layihəsinin əhəmiyyət daşıdığı qeyd olunur.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Sercio Mattarella və Prezident İlham Əliyevin iştirakı ilə oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin kampusunun açılış mərasimi keçiriləcək.