Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal müdafiə naziri Pervez Xattaq ilə görüşüb.
NUHÇIXAN Pakistanın “Disatch News Desk” (DND) agentliyinə istinadla xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Səfir bildirib ki, Pakistan Günü münasibətilə keçirilən paradla əlaqədar Azərbaycan nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
Nazir vurğulayıb ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azərbaycanın yanındadır və bu mövqe sonra da davam etdiriləcək. O deyib ki, Azərbaycanın strateji mövqeyi, iqtisadiyyatın sürətlə inkişaf etməsi qardaş Pakistanı sevindirir. Pakistan Azərbaycan ilə bütün sahələrdə, o cümlədən hərbi istiqamətdə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Əli Əlizadə bildirib ki, Pakistan beynəlxalq forumlarda da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini həmişə dəstəkləyib. Səfir vurğulayıb ki, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir.