2023-cü ilin 19-20 sentyabr tarixlərdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları ölkə tarixində yalnız hərbi yox, həm də siyasi və hüquqi baxımdan dönüş nöqtəsi oldu. Bu əməliyyatların başlanmasına gətirib çıxaran səbəbləri araşdırdıqda görünür ki, Azərbaycan dövləti üç il ərzində maksimum dərəcədə siyasi dialoq və reinteqrasiya təkliflərinə üstünlük verməyə çalışıb. Lakin Ermənistan və Qarabağdakı separatçı qüvvələrin mövqeyi, onların ardıcıl təxribatları və beynəlxalq öhdəliklərə əməl etməməsi, sonda bu əməliyyatın zəruriliyini ortaya çıxardı. İlk növbədə, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının ən mühüm bəndlərindən biri kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması bəndi icra edilmədi. Üç il ərzində erməni silahlıları tərksilah olunmaq əvəzinə sayca çoxaldıldı, yeni istehkamlar quruldu, müasir hərbi texnika yerləşdirildi. Qeyri-qanuni silahlı dəstələrin Qarabağda qalması Azərbaycanın suverenliyi üçün davamlı təhlükə idi.
Azərbaycan dəfələrlə həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq ictimaiyyətə açıq şəkildə xəbərdarlıq etmişdi, ölkənin ərazisində xarici hərbi qüvvələrin qalması qəbuledilməzdir. Xüsusilə 2021-2023-cü illərdə artan silahlı toqquşmalar, sərhəddə baş verən insidentlər, Azərbaycan Ordusunun mövqelərinə yönəlik atəşlər və mina terroru bu xəbərdarlıqların ciddi əsaslara söykəndiyini təsdiqlədi. 2023-cü ilin sentyabrında Əhmədbəyli-Füzuli-Şuşa yolunda minaların partladılması nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması artıq bardağı daşıran son damla oldu.
Əməliyyatın başlanması, həmçinin siyasi müstəvidə bir mesaj idi. Bu mesaj Azərbaycanın suveren hüquqlarını yalnız kağız üzərində deyil, praktik müstəvidə də bərqərar etmək əzmində olduğunu göstərdi. Bu, beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmamaq və ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinə tam uyğun idi. Əgər dövlət öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna göz yumarsa, bu həm təhlükəsizliyini, həm də Konstitusiya quruluşunu zərbə altında qoyar. Azərbaycan isə 19 sentyabr addımı ilə göstərdi ki, qanunsuz silahlı rejimlərə qarşı güzəştli yanaşma yoxdur. Bununla yanaşı, əməliyyatın cəmi 23 saat ərzində nəticə verməsi Azərbaycanın hərbi gücünün, ordusunun peşəkarlığının və dövlət rəhbərinin siyasi iradəsinin göstəricisi idi. Qısa müddətdə separatçıların mövqeləri dağıdıldı, ağır texnika məhv edildi, Ermənistan silahlı qüvvələrinin qalıqları təslim olmağa məcbur edildi. Azərbaycan bu hərbi uğuru ilə yalnız suverenliyini tam bərpa etmədi, həm də regionda yeni reallıq formalaşdırdı və Qarabağda qondarma rejim dövrü başa çatdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev yalnız əməliyyatın hərbi rəhbəri kimi deyil, həm də strateji vizyonun sahibi kimi diqqət çəkdi. O, antiterror əməliyyatını Azərbaycanın tarixi və siyasi maraqlarını qorumaqla yanaşı, regionda dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bir siyasi mesaj olaraq formalaşdırdı. Dövlət başçısı əməliyyatın gedişində göstərdiyi qətiyyətlə həm daxili həmrəyliyi möhkəmləndirdi, həm də beynəlxalq aləmə Azərbaycanın güclü və məsuliyyətli dövlət kimi mövqeyini nümayiş etdirdi. Onun rəhbərliyi altında həyata keçirilən bu proses yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmadı, həm də Qarabağda yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması, reinteqrasiya imkanlarının yaradılması və yeni sosial-iqtisadi perspektivlərin təşkili kimi strateji addımlarla müşayiət olundu.
19-20 sentyabr antiterror əməliyyatları yalnız Azərbaycanın daxili siyasi və hərbi müstəvisində deyil, həm də beynəlxalq münasibətlər sistemində ciddi rezonans doğurdu. Çünki Qarabağ münaqişəsi təkcə Bakı və İrəvan arasında deyil, həm də regiondakı güc balansına təsir edən, böyük dövlətlərin maraqlarının kəsişdirdiyi bir məsələ idi. Əməliyyatın sürətli və qəti nəticə verməsi bu balansı dəyişdirdi və tərəflərin mövqelərini yenidən nəzərdən keçirməsinə səbəb oldu.
Azərbaycan cəmiyyətinin və qarşı tərəfin reaksiyası
Ölkə daxilində əməliyyat böyük dəstək və həmrəyliklə qarşılandı. Əhali əməliyyatı dövlətin suverenliyini bərpa edən, uzun illərin ədalətsizliyinə son qoyan addım kimi qiymətləndirdi. Bu həm də Vətən müharibəsindən sonra davam edən gözləntilərə verilmiş cavab idi. İctimai rəyin formalaşmasında dövlət rəhbərinin ardıcıl və prinsipial mövqeyi mühüm rol oynadı, bir sözlə, Azərbaycan ictimaiyyəti gördü ki, ölkə yalnız diplomatik müstəvidə deyil, hərbi və siyasi baxımdan da öz hüquqlarını qorumaqda qətiyyətlidir.
Ermənistan rəhbərliyi əməliyyatın başlanması anında gözlənildiyi kimi kəskin təlaş keçirdi. Paşinyan hökuməti əməliyyata bilavasitə qoşulmadığını bəyan etsə də, ictimai rəyin təsiri altında daxili siyasi böhran dərinləşdi. Ermənistan cəmiyyətində “Rusiyaya etibar” mövzusu daha da aktuallaşdı, çünki Moskvanın prosesə faktiki müdaxilə etməməsi ermənilərin illərlə ümid bağladıqları təhlükəsizlik illüziyasını dağıtdı. Bu, Ermənistan siyasətində Qərbə daha çox yönəlmə meyillərini gücləndirdi. Əməliyyat zamanı diqqətçəkən əsas məqamlardan biri də Rusiya sülhməramlılarının fəaliyyəti oldu. Rusiya bölgədə mövcud olsa da, əməliyyata müdaxilə etmədi və faktiki olaraq neytral mövqe saxladı. Bu, Moskvanın Ukrayna müharibəsi fonunda zəifləyən resursları və Qafqazda azalan təsir imkanları ilə izah edilə bilər. Bununla belə Rusiya separatçılarla təmasları kəsmədi, amma Azərbaycanın əməliyyatının açıq şəkildə də qarşısını almadı. Bu, Kremlin də yeni reallıqları qəbul etdiyinin bir göstəricisi idi.
19-20 sentyabr əməliyyatı ilə təkcə hərbi qələbə qazanılmadı, açıq-aydın desək, tarixən yüz illərlə davam edən bir problemin siyasi həllinə son qoyuldu. Bu əməliyyat Qarabağda mövcud olmuş qondarma separatçı rejimin süqutunu rəsmiləşdirdi və “status” iddialarının birdəfəlik gündəmdən çıxarılmasını təmin etdi. Bu, Azərbaycanın siyasi müstəvidə ən böyük qələbələrindən biri kimi qiymətləndirilə bilər.
Qarabağda 30 ildən artıq mövcud olan qondarma “Dağlıq Qarabağ Respublikası” ideyası sentyabr əməliyyatı ilə tamamilə məhv edildi. Separatçı liderlərin təslim olması, onların silahlı qüvvələrinin tərksilah edilməsi və Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması, faktiki olaraq yeni bir tarixi mərhələnin başlanğıcı idi. Bu həm də Ermənistan cəmiyyətinə açıq mesaj oldu. Azərbaycanın ərazisində hər hansı “müstəqil qurum” yaratmaq arzusu əbədi olaraq puça çıxdı.
Əməliyyatdan sonra Azərbaycan rəhbərliyi Qarabağda yaşayan erməni əhalisinə dəfələrlə çağırış etdi: onlar ölkənin bərabərhüquqlu vətəndaşları kimi Azərbaycan cəmiyyətinə reinteqrasiya oluna bilərlər. Bu təklifin əsasında güc və zor tətbiqindən çox, hüquq və sosial təminat ideyası dayanırdı. Azərbaycan dövlətinin məqsədi, sadəcə, əraziyə nəzarəti bərpa etmək yox, həm də orada yaşayan insanların normal həyatını təmin etmək idi. Reinteqrasiya konsepsiyası həm daxili, həm də beynəlxalq siyasi baxımdan çox əhəmiyyətli idi. Daxili müstəvidə bu, Azərbaycanın vətəndaş həmrəyliyini gücləndirirdi. Beynəlxalq müstəvidə isə Azərbaycanın multikultural və tolerant siyasətinə real nümunə idi. Çünki Azərbaycan göstərirdi ki, o, münaqişəni yalnız silah gücü ilə həll etmir, eyni zamanda cəmiyyətlər arasında körpülər qurmaq istəyir.
Sentyabr əməliyyatlarının ən böyük nəticəsi budur ki, artıq Qarabağ mövzusu beynəlxalq müzakirələrdə “mübahisəli status” çərçivəsindən çıxarılıb. İndi əsas gündəm yalnız humanitar məsələləridir. Azərbaycan isə bu prosesdə özünü yalnız qalib dövlət kimi deyil, həm də məsuliyyətli dövlət kimi sübut edir. Bu həm region xalqlarının, həm də beynəlxalq aləmin diqqətindən yayınmır.
Azərbaycan 30 illik münaqişə tarixini birdəfəlik arxada qoydu. Qarabağ artıq beynəlxalq gündəmdə problem kimi yox, Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. 19-20 sentyabr əməliyyatı sübut etdi ki, dövlətin gücü yalnız ordusunda deyil, həm də siyasi iradəsindədir. Azərbaycan həm güc tətbiqini, həm diplomatiyanı, həm də sosial reinteqrasiyanı bir arada həyata keçirə bildi. Bu əməliyyatla Azərbaycan təkcə öz suverenliyini bərpa etmədi, həm də regionda yeni siyasi düzənin qurucusuna çevrildi. Qarabağ münaqişəsinin bağlanması isə xalqımızın tarixi mübarizəsinin zirvə nöqtəsi oldu. İndi artıq yeni səhifə açılıb, sülhün, inkişafın və milli həmrəyliyin səhifəsi.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı