Martın 14-də Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva, parlamentin əməkdaşı Emin Məmmədov təmsil ediblər.
Konfrans çərçivəsində “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə layihələri qəbul edilib.
Milli Məclisin deputatı Gövhər Baxşəliyeva sessiyada məruzə ilə çıxış edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bu günədək həllini tapmaması haqqında ətraflı məlumat verib. O, üzv ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə və qətnamə layihələrinin qəbul olunmasına səs verdiklərinə görə minnətdarlığını bildirib.