“Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Bu fikirləri Azərbaycanın qədim şəhəri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev vurğulayıb. Ölkə başçısı qeyd edib ki, ortaq köklər və dəyərlər üzərində qurulan TDT artıq sadə əməkdaşlıq platforması deyil, daxili sabitlik və artan potensialı sayəsində ciddi geosiyasi mərkəz kimi formalaşır. Əlbəttə ki, bu da Türk dünyasının inteqrasiyası və ortaq gücü olan Türk Dövlətləri Təşkilatının regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və geosiyasi güc mərkəzi kimi rolunu daha da artırır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlar türk dövlətləri arasında iqtisadi inteqrasiyanın və ortaq dəyərlərə əsaslanan əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Azərbaycan Prezidenti hərbi gücün müstəqilliyin əsas amili olduğunu vurğulayaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri ilə ərazi bütövlüyünü tam bərpa etdiyini xatırladaraq, bu nailiyyətin regionda ədalət və sülhün bərqərar olmasına mühüm töhfə olduğunu bildirdi. Həmçinin, bu yaxınlarda Vaşinqton Zirvəsi çərçivəsində Ermənistanla sülh sazişinin paraflanması regionda sülh gündəliyinin təsdiqi kimi dəyərləndirilir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklif edilib.
Ölkə başçısı nəqliyyat və kommunikasiya əlaqələrinin strateji əhəmiyyətini qeyd edərək Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub Dəhlizlərinin fəal iştirakçısı və körpüsü olduğunu bildirib. Xüsusilə də, Zəngəzur dəhlizinin açılmasının hər iki dəhliz üçün yeni və əhəmiyyətli marşrut olacağı vurğulanıb. Enerji təhlükəsizliyi mövzusuna toxunan Prezident İlham Əliyev, Azərbaycanın 14 ölkəyə təbii qaz ixrac edərək özünü etibarlı tərəfdaş kimi təsdiqlədiyini qeyd edib və TDT ölkələri ilə Yaşıl Enerji Dəhlizi üzərində işlərin aparıldığını bildirib.
Ənənəvi əlaqələrin vacibliyini vurğulayan Azərbaycan Prezidenti iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, gələn il Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində keçirilməsinə dair təklif irəli sürüb. Yekunda, Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdikləri töhfəyə görə qardaş ölkələrə təşəkkürünü bildirməklə İlham Əliyev Təşkilatın mövqeyini gücləndirmək və regional sabitliyə töhfə vermək məqsədinə çatdığını bir daha nümayiş etdirib.
Göründüyü kimi Azərbaycan Respublikası TDT ilə əlaqələrə həmişə xüsusi önəm verərək bu istiqaməti öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Respublikası TDT-nin beynəlxalq nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində mütəmadi olaraq yeni təklif və təşəbbüslərlə çıxış edir. Azərbaycanın bu fəal mövqeyi Təşkilatın funksionallığının gücləndirilməsi işinə müstəsna və həlledici töhfə verir. TDT-nin “Regional Sülh və Təhlükəsizlik” mövzusunda 12-ci Zirvə görüşünün Qəbələdə keçirilməsi Təşkilatın qlobal gündəlikdəki əhəmiyyətinin parlaq nümunəsidir.
Təməli 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində qoyulan Türk Dövlətləri Təşkilatı bu gün beynəlxalq aləmdə geosiyasi təsirini gücləndirir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın tamhüquqlu üzv olduğu Təşkilatda Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (KKTC) müşahidəçi statusuna malikdir. Ortaq tarix, dil, kimlik və mədəniyyət kimi təməllərə əsaslanan TDT, üzv dövlətlər arasında həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır və bu əməkdaşlığı müxtəlif qlobal təşkilatlarla əlaqələri inkişaf etdirərək beynəlxalq miqyasda gücləndirməkdədir. Bir sözlə, Azərbaycanın və Prezident İlham Əliyevin şəxsi dəstəyi TDT-ni Türk dünyasının gələcəyə hesablanmış qlobal siyasi güc mərkəzinə çevirir.
Nəriman Nəcəfov