İran İslam Respublikası Ali Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib - FOTOLAR
İran İslam Respublikası Ali Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə İran nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, əklil və gül dəstələri qoyaraq şəhidlərin xatirələrini dərin ehtiramla anıblar.
Azərbaycan MMU-nun rektoru general-mayor Gündüz Əbdülov İran Ali MMU rektorunun təlim və təhsil üzrə müavini ikinci dərəcəli kontr-admiral Cavad Dadaşzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Geniş tərkibdə keçirilən görüşdə qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və bu sahədə əldə olunan uğurlu nəticələr barədə ətraflı məlumat verilib.
Sonra İran nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olub. İnstitutun rektoru polkovnik Elnur Ələsgərli təhsil ocağının fəaliyyəti barədə geniş məlumat verib.
Səfər çərçivəsində iranlı qonaqlar, həmçinin MMU-nun Cəmşid Naxçıvanski adına Hərbi Liseyində də olublar.
Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin liseyin ərazisindəki abidələri ziyarət olunub. İran nümayəndə heyəti liseyin ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev qonaqlara liseyin təhsil sistemi barədə məlumat verib.
Görüşlərdə elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında hərbi təhsilin daha da inkişafı istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.