Düşənbədə Azərbaycan və Rusiya Prezidentlərinin görüşündən önəmli detallar - FOTOLAR
Oktyabrın 9-da Düşənbədə baş tutan Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşü yalnız MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsindəki protokol xarakterli təmasla məhdudlaşmadı. Bu görüş, dekabr ayında baş vermiş aviasiya qəzasından sonra sərinləşmiş münasibətlərə yenidən strateji və praqmatik prizmadan baxış imkanı yaratdı.
Azərbaycan Prezidenti bu görüşlə təkcə yaranmış emosional fonu aradan qaldırmadı, həm də qarşılıqlı münasibətlərin gələcək trayektoriyasını rasional əsaslara diqqətə çatdırdı.
Faciənin kölgəsində...
2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya səmasında qəzaya uğraması hər iki ölkə ictimaiyyətində böyük rezonans doğurmuşdu. Hadisənin Rusiya hava məkanında baş verməsi və istintaqın nəticələrinin uzun müddət açıqlanmaması təbii olaraq münasibətlərdə müəyyən gərginlik yaratmışdı.
Düşənbədəki görüşdə Prezident Vladimir Putin bu hadisəyə birbaşa toxunaraq dedi: “Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.
Bu, Rusiya tərəfindən məsuliyyətin bir daha rəsmi səviyyədə etirafı idi. Putin həmçinin qeyd etdi ki, istintaq başa çatmaq üzrədir və qəzanın “Ukrayna pilotsuz aparatı və hava müdafiə sistemindəki texniki nasazlıq”la əlaqədar olduğu müəyyən edilib.
Ən diqqətçəkən məqam isə Rusiyanın kompensasiya ödəyəcəyi və məsul şəxslərin cəzalandırılacağı barədə Prezident Putinin açıq bəyanatı oldu.
Bu açıqlama, həm diplomatik baxımdan məsuliyyətin qəbul edilməsi, həm də faciənin yaratdığı gərginliyin aradan qalxması üçün real hüquqi zəmindir. Lakin prosesin bu mərhələyə çatmasında Azərbaycan tərəfinin təmkinli və uzaqgörən davranışı həlledici rol oynadı.
Təmkinli, prinsipial və qətiyyətli diplomatiya
Azərbaycan Prezidenti İlham Əliyevin cavab nitqində prinsipial tonla bildirdi: “Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq".
Prezident Əliyevin “Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, komandalarımız daim təmasdadırlar” sözləri, faktiki olaraq, böhranın idarə olunmasında Azərbaycanın təşəbbüskar mövqeyini nümayiş etdirir.
Bu, diplomatik davranışda ən vacib amil-təzyiqsiz, amma nəticə yönümlü siyasətin həyata keçirilməsi oldu.
Azərbaycan tərəfi hislərə yox, məsuliyyət və ədalət meyarına əsaslanan yanaşmanı üstün tutaraq, hadisənin siyasi gərginliyə çevrilməsinə imkan vermədi. Bu da Prezident İlham Əliyevin formalaşdırdığı balanslı xarici siyasət kursunun bir nümunəsidir.
Strateji tarazlığın qorunması
Düşənbə görüşü, əslində, bir hadisənin izahından daha çox, müttəfiqlik münasibətlərinə yenidən qayıtmaq üçün Rusiya tərəfinin real müraciəti idi. 2022-ci ildə imzalanan Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsinin ruhuna uyğun şəkildə, tərəflər münasibətlərin bütün sahələrində inkişaf meyillərini qoruyub saxladıqlarını təsdiqlədilər.
Prezident Putin görüşdə dedi: “İqtisadi-ticari əlaqələr inkişaf edib-keçən il 6 faiz, bu il isə 16 faizdən çox artım olub.”
Bu, iqtisadi əlaqələrin siyasi müstəvidən asılı olmadığını və tərəflərin strateji maraqları önə çəkdiyini göstərir.
Prezident İlham Əliyev isə bu dinamikanı belə xarakterizə etdi: “Bütün istiqamətlər üzrə heç bir yerdə geriləmə olmayıb, əksinə, yol xəritələri uğurla həyata keçirilir.”
Bu ifadə faktiki olaraq Azərbaycanın dövlətlərarası münasibətlərdə sabitləşdirici və rasional tərəf kimi çıxış etdiyini nümayiş etdirir.
Emosiyadan rasional əməkdaşlığa...
Düşənbə görüşü göstərdi ki, Azərbaycan diplomatiyası hisslərlə yox, soyuqqanlı və strateji düşüncə ilə nəticə əldə etməyi üstün tutur.
Hadisədən sonra yaranmış soyuqluq müddətində, əslində, tərəflər qarşılıqlı münasibətləri yenidən gözdən keçirmək imkanı əldə etdi.
İndi gözləntilər nədir bəs?
Rusiya tərəfi istintaqı yekunlaşdıraraq kompensasiya və hüquqi qiymət məsələsini rəsmiləşdirəcək, iki ölkə arasında yeni iqtisadi və humanitar təşəbbüslər formalaşacaq, Xarici işlər nazirləri səviyyəsində koordinasiya daha sıx olacaq, Azərbaycan-Rusiya münasibətlərində “faciə kölgəsi” tamamilə arxada qalacaq. Bu görüşün mövzusu Azərbaycanın diplomatik çevikliyinin və nüfuzlu tərəf statusunun təsdiqidir. Rusiya tərəfi hadisəyə görə üzr istədi, istintaqın nəticələrini bölüşdü və kompensasiya öhdəliyini qəbul etdi-bu, beynəlxalq münasibətlərdə çox nadir haldır və onu əldə etmək diplomatik bacarıq tələb edir.
Liderlik və balanslı siyasət
Düşənbə görüşü iki ölkə münasibətlərində soyuqluğun əriməsi, gərginliyin neytrallaşması və etimadın bərpası mərhələsi kimi diqqət çəkir. Lakin ən önəmlisi odur ki, Prezident İlham Əliyevin təmkinli, ardıcıl və qətiyyətli mövqeyi bir daha göstərdi: Azərbaycan regional siyasətdə yalnız güc nümayiş etdirmir, eyni zamanda səbir və diplomatik mədəniyyət sayəsində nəticə əldə edən bir dövlət kimi çıxış edir. Bütün bunların fonunda isə belə bir sual meydana çıxır: 'Bu görüşdən sonra Bakı və Moskva artıq keçmiş hadisələri deyil, gələcəyi – əməkdaşlığın yeni mərhələsini müzakirə edəcəklərmi?
Nicat Quliyev
Naxçıvan Televiziyasının baş redaktoru