Numan Kurtulmuş: Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında dialoq müasir çağırışlar fonunda xüsusi əhəmiyyətə malikdir - FOTOLAR
Üç qardaş dövlətin – Türkiyə, Azərbaycan və Pakistanın parlamentləri arasında üçtərəfli qarşılıqlı fəaliyyət mexanizmi daha davamlı və institusional səviyyəyə qaldırılmalıdır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bazar ertəsi, oktyabrın 13-də Pakistan, Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşündə çıxışı zamanı deyib.
Kurtulmuş bu formatda ilk görüşün 2021-ci ildə Bakıda keçirildiyini və həmin tədbirin “üç ölkənin tarixi dostluq və əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində daha bir körpüyə çevrildiyini” xatırladıb.
TBMM spikerinin sözlərinə görə, Türkiyə, Azərbaycan və Pakistan arasında parlamentlərarası dialoqun əhəmiyyəti üç ölkənin həm regionda, həm də beynəlxalq aləmdə üzləşdiyi çağırış və təhdidlər fonunda xüsusilə yüksəkdir. O, həmçinin qonşu Əfqanıstandan gələn qeyri-qanuni miqrasiya axınlarını və narkotik ticarətini müasir Pakistanın üzləşdiyi təhlükələr kimi qeyd edib.
“Ölkələrimiz arasında hərbi və müdafiə sahələrində, o cümlədən hərbi-sənaye kompleksində əməkdaşlıq bizə gələcəkdə problemlərin genişlənməsini önləmək və təhlükələrin qarşısını almaq üçün daha operativ addımlar atmağa imkan verəcək”, - deyən N.Kurtulmuş Ankaranın terrorla mübarizədə İslamabadla həmrəy olduğunu vurğulayıb.
Cənubi Qafqazdakı vəziyyətə gəlincə, Türkiyə parlamentinin sədri Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsini “tarixi ədalətin təntənəsi” adlandırıb. O qeyd edib ki, hazırda Cənubi Qafqazda müsbət irəliləyişlər baş verir və Zəngəzur dəhlizinin işə salınması region ölkələri arasında sıx iqtisadi və siyasi əlaqələri stimullaşdıracaq, habelə Orta Dəhlizin strateji əhəmiyyətini artıracaq.
Türkiyə parlamenti sədrinin sözlərinə görə, nəqliyyat, rabitə, enerji, ticarət kimi sahələrdə birgə layihələr Ankara, Bakı və İslamabad arasında əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir.