Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər - FOTOLAR
Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Pakistanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş oktyabrın 14-də Lahor şəhərinə gediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətləri Lahor şəhərində əvvəlcə Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər. Məqbərənin önünə əklil qoyan parlament sədrləri xatirə kitabını imzalayıblar.
Sonra Badşahi məscidinə baş çəkən qonaqlar burada Pakistanın tarixi keçmişinin və dini irsinin əzəmətini seyr ediblər.
Səfərin davamında nümayəndə heyətləri Pəncab Əyalət Məclisinə gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış olublar.