Tarixboyu maraqların toqquşduğu geostrateji məkanda yerləşən, müxtəlif dönəmlərdə müharibələrdən əziyyət çəkən və hər zaman sülhün tərəfdarı, tolerantlığı ilə seçilən xalqımız 1990-cı illərin əvvəllərindən sürükləndiyi müharibədə itirdiklərinin qisasını 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə antiterror tədbirlərində döyüş meydanında alıb. Azərbaycan bu gün müharibə ssenarisindən sülh gündəliyinə keçidin ən parlaq nümunəsini təqdim etməklə, qlobal təhlükəsizliyə misilsiz töhfə verir. Bu nailiyyət, Azərbaycanın regional və beynəlxalq münasibətlərdə mövqeyini köklü şəkildə dəyişən, öz maraqlarını təmin etməyə qadir olan müstəqil güc mərkəzi kimi çıxış etdiyini göstərir.
Son günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi bir sıra mötəbər beynəlxalq tədbirlər – Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ Sammiti, Müstəqil Dövlətlər Birliyinin (MDB) Düşənbə Sammiti və Misirin Şarm əl-Şeyx şəhərində ABŞ-nin təşəbbüsü ilə keçirilən Yaxın Şərq Sülh Sammiti – ölkəmizin qlobal miqyasda artan nüfuzunu və geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirir. TDT çərçivəsindəki aparıcı rolu ilə Türk dünyasının birliyinə davamlı töhfələr verərək, təşkilatın qlobal təsirini artıran ölkəmiz, MDB məkanında da konstruktiv və etibarlı tərəfdaş kimi tanınır. Yüksək platformalarda səsləndirilən fikirlər və Prezidentin çıxışları Azərbaycanın artıq dünyada seçilən gücə çevrilməsinin təntənəsidir.
Hərbi və diplomatik qələbələrimizin müəllifi olan Prezident İlham Əliyev təkcə ölkəmiz və Cənubi Qafqaz regionu üçün deyil, həm də bütün dünyada sülhə nail olmaqda qlobal aktora çevrilib. Oktyabrın 13-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etməsi qeyd olunanlara əyani misaldır. Azərbaycanın coğrafi sərhədlərindən kənarda, Yaxın Şərqdə sülh proseslərinə qoşulması ölkəmizin xarici siyasətinin balanslı və çoxtərəfli xarakterini, beynəlxalq proseslərə təsir etmək potensialını təsdiqləyir.
Dünyanın bir nömrəli dövlətinin lideri Donald Trampın Prezident İlham Əliyevə qarşı səmimi və dost münasibəti, Ermənistanla sülh gündəliyinin inkişaf etdirilməsi Azərbaycanın prinsipial xarici siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin əyani göstəricisidir.
Tarixdən gələn tolerantlıq ənənəsi ilə seçilən Azərbaycan, sülhsevər siyasəti ilə mədəniyyətlərarası və dinlərarası dialoq platforması kimi çıxış edərək, qlobal təhlükəsizliyin əsasını təşkil edən qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə fundamental töhfələr verir. Bir sözlə, bu sammitlər silsiləsi Azərbaycanın yeni dünya düzənində öz suveren maraqlarını qorumaqla, regional sülh və əməkdaşlığı təşviq etmək qabiliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qəbul edildiyini göstərir.
Nəriman Nəcəfov