Oktyabrın 15-də Niderlandda səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov bu ölkənin xarici işlər nazirinin müavini Marsel de Vink ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN-a verilən məlumata görə, görüşdə son dövrlər iki ölkə arasında yüksək səviyyədə baş tutmuş təmasların, xüsusilə də “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplatısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Niderlandın Baş naziri Dik Sxof arasında keçirilmiş görüşün əlaqələrin inkişafı üçün müsbət zəmin yaratdığı qeyd olunub.
Tərəflər mütəmadi siyasi dialoqun, bu çərçivədə xarici işlər nazirləri arasında beynəlxalq platformalar çərçivəsində görüşlərin təşkili, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması üçün cari ilin fevralında nazir müavini Marsel de Vinkin Bakıya səfərinin və qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi əməkdaşlığın iki ölkə arasında əlaqələrdə mühüm yer tutduğu qeyd olunub və Niderland şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib.
İkitərəfli və çoxtərəfli gündəlikdə duran mövzular, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər, o cümlədən postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlar, sülh prosesi və tarixi Vaşinqton görüşünün nəticələri də görüşdə diqqət mərkəzində olub.
Nazir müavini Elnur Məmmədov Azərbaycanın bölgədə davamlı inkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə məlumat verib.