Milli Məclisin sədri Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçıları ilə görüşüb

A- A A+

Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçıları ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, iştirakçıları Milli Məclisdə salamlayan Sahibə Qafarova təxminən 100 ölkənin Milli Hakimlər Assosiasiyalarını bir araya gətirən bu təşkilatın dialoq və əməkdaşlıq üçün mühüm platforma rolunu oynadığını deyib. Bildirib ki, cari il bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün rəmzi əhəmiyyət daşıyır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. 30 il əvvəl, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq qəbul edilib. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi təsbit olunub ki, bu prinsipə əsasən, qanunverici, icraedici və məhkəmə hakimiyyətləri qarşılıqlı əlaqədə fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər”.

Parlamentin sədri söyləyib ki, Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə də qeyd olunduğu kimi, Azərbaycanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir və qlobal hüquq ictimaiyyətinin Azərbaycan məhkəmə-hüquq sisteminə olan inam və etimadını əks etdirir.

Sonra Sahibə Qafarova Azərbaycanın parlamentarizm tarixi haqqında məlumat verib.

Tədbirdə çıxış edən Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev parlament və məhkəmə orqanları arasında əməkdaşlıqla bağlı fikirlərini açıqlayaraq, Milli Məclisin məhkəmə sisteminə dair bir sıra təşəbbüsləri dəstəklədiyini bildirib.

Sonra Fərid Hacıyev slaydlar vasitəsilə parlamentin səlahiyyətləri, onun fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar barədə məlumat verib. Habelə parlamentin prosedur qaydalarını, deputatların fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlardan da söhbət açılıb.

Tədbirdə Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Valter Baron çıxış ediblər. Onlar Beynəlxalq Hakimlər Assosiasiyasının Bakıda keçirilən 67-ci Baş Assambleyasının iştirakçıları ilə keçirilən görüşə, Azərbaycan parlamentinin tarixi, səlahiyyətləri, qanunvericilik prosedurları və digər məsələlər barəsində ətraflı təqdimata görə təşəkkür ediblər. Qonaqlar Azərbaycan parlamentinin məhkəmə hakimiyyəti ilə sıx əməkdaşlığını təqdir ediblər, ölkəmizdə olmaqdan məmnun olduqlarını və xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirdiklərini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: