Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər fevral ayında da davam etdirilib.
NUHÇIXAN xəbər verir ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 10 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 427 müraciətin 78-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Olduğu yer üzrə qeydiyyatla bağlı 349 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 159-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib, fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri keçirilib.