Müasir beynəlxalq münasibətlər sistemində türk dünyası dövlətlərinin qarşılıqlı əməkdaşlığı getdikcə daha böyük strateji və siyasi əhəmiyyət qazanır. Bu kontekstdə Azərbaycan və Qazaxıstan əlaqələri xüsusi yer tutur. Tarixi, mənəvi və mədəni baxımdan qardaş olan bu iki ölkə arasında münasibətlər təkcə diplomatik səviyyədə deyil, həm də xalqların yaddaşında köklənmiş dostluq və həmrəylik üzərində qurulub. XX əsrin sonlarında müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Qazaxıstan arasında münasibətlər qarşılıqlı etimada, hörmətə və strateji maraqlara əsaslanan səmimi tərəfdaşlıq modeli kimi formalaşıb.
Azərbaycan və Qazaxıstanı birləşdirən bağlar yalnız coğrafi yaxınlıq və siyasi maraqlarla məhdudlaşa bilməz. Çünki, ortaq tarixi kök və mədəni dəyərlər qardaş xalqları birləşdirən ümdə dəyər kimi tarixi proseslərdə sınaqdan çıxmışdır. Bu münasibətlərin təməlində türk xalqlarının ortaq tarixi yaddaşı, dil, din və mədəniyyət birliyi dayanır. Hər iki xalqın tarixində eyni dəyərlər- azadlıq, müstəqillik, milli kimliyin qorunması və türkçülük ideyaları ön plandadır. Qədim Qıpçaq mədəniyyəti, Orta Asiya–Qafqaz əlaqələri, İpək Yolu üzərində formalaşan ticarət və mədəni körpülər bu dostluğun tarixi bünövrəsini qoymuşdur. Bu gün də həmin tarixi yaddaş dövlətlərarası münasibətlərdə “mədəni diplomatiyanın” əsas dayaqlarından biridir.
Azərbaycan–Qazaxıstan münasibətlərinin sistemli şəkildə inkişafının əsası Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qoyulmuşdur. 1990-cı illərin mürəkkəb geosiyasi şəraitində ulu öndər Heydər Əliyev Qazaxıstanla əlaqələrin strateji xarakter daşımasını prioritet istiqamət kimi müəyyənləşdirmişdi. Ulu öndərin milli dövlətçilik konsepsiyasında türkdilli dövlətlərlə inteqrasiya, enerji və nəqliyyat əməkdaşlığı, Xəzər dənizində balanslaşdırılmış münasibətlər xüsusi yer tuturdu. 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” bu münasibətləri hüquqi müstəviyə daşıdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, həm də beynəlxalq platformalarda bir-birini dəstəkləyən qardaş ölkələr kimi formalaşdı.
Ulu öndərin milli dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu strateji kursu müasir reallıqlara uyğun şəkildə davam etdirdi. Onun rəhbərliyi dövründə Azərbaycan–Qazaxıstan münasibətləri “yüksək səviyyəli strateji tərəfdaşlıq” mərhələsinə qədəm qoydu. Bu illər ərzində iki ölkə arasında imzalanmış çoxsaylı sazişlər enerji, nəqliyyat, ticarət, mədəniyyət, təhsil və informasiya texnologiyaları sahələrini əhatə etdi. Xüsusilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi Azərbaycan–Qazaxıstan əməkdaşlığını Avrasiya miqyasında strateji əhəmiyyətli bir platformaya çevirdi. Zəngəzur dəhlizinin açılması perspektivləri isə regiondakı kommunikasiya sistemində Qazaxıstan üçün yeni iqtisadi imkanlar vəd edir. Eyni zamanda, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycan və Qazaxıstan arasında etimad mühiti güclənməkdə davam edir. Türk Dövlətləri Təşkilatı (TDT) bu münasibətlərin siyasi-mənəvi platforması kimi önəm daşıyır. Belə ki, Azərbaycan və Qazaxıstan bu təşkilatın aparıcı üzvləri olaraq türk dünyasının inteqrasiyasına real töhfələr verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazağıstan Respublikası Prezidenti Qasım-Jomart Tokayevin görüşlərində türk birliyinin gücləndirilməsi, mədəni və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi əsas müzakirə mövzularındandır.
Azərbaycanın enerji, Qazaxıstanın isə xammal və logistika potensialı birləşərək türk coğrafiyasının iqtisadi gələcəyini formalaşdırır. TDT-nin çərçivəsində qəbul olunan qərarların həyata keçirilməsində Bakı və Astananın koordinasiyası türk dünyasında sabitliyin və inkişafın mühüm zəmanətidir.
Gələcəkdə Azərbaycan–Qazaxıstan münasibətlərində enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat, rəqəmsal diplomatiya və müdafiə sənayesi sahələri daha çox perspektivlər vəd edir. Qazaxıstanın Xəzər dənizi vasitəsilə neft ixracında Azərbaycanın tranzit imkanlarından istifadə etməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin genişləndirilməsi və “yaşıl enerji dəhlizi” təşəbbüsləri bu istiqamətdə əməkdaşlığı şaxələndirir. Eyni zamanda mədəni diplomatiya – xüsusən ədəbiyyat, kino və təhsil mübadilələri iki xalqın gələcək nəsillərini daha da yaxınlaşdıracaq. İki ölkə arasında yaradılan ortaq təhsil proqramları və tələbə mübadilələri gələcək diplomatik elitanın formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri bu münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu səfər təkcə iki ölkə arasında sənədlərin imzalanması ilə deyil, həm də Türk Dövlətləri birliyinin gələcək siyasi konturlarının müəyyənləşməsi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan və Qazaxıstanın qarşılıqlı hörmət, bərabərlik və ortaq dəyərlər üzərində qurulan münasibətləri regionda sülh, sabitlik və inkişafın etibarlı dayağına çevrilməkdədir.
Bu gün artıq rahatlıqla demək olar ki, Bakı və Astananın birgə səyləri nəticəsində türkdilli dövlətlərin gələcəyi daha sıx koordinasiya, daha güclü iqtisadi inteqrasiya və daha möhkəm mənəvi birliyin üzərində formalaşır.
Əli Həşimov
Ali Məclisin deputatı