Azərbaycanın Pakistanla hərbi əməkdaşlıq çərçivəsində aldığı Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi çərçivəsində hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri müasir silahlanmada sərfəli və effektiv seçimdir. Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə, effektiv atəş gücünə malikdir. Məhz buna görə də Azərbaycan Pakistandan 16 ədəd JF-17 “Thunder” döyüş təyyarəsi alınması ilə bağlı sifarişini 40-a qədər artırıb. Bu da “Thunder” seriyasının ən böyük xarici sifarişi deməkdir.
NUHÇIXAN xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) qabaqcıl JF-17 “Thunder” Block-III döyüş təyyarələrindən ibarət kontingenti “Indus Shield Alpha” ikitərəfli hava döyüş təlimində iştirak etmək üçün Azərbaycana gəlib. Rəsmi açıqlamaya görə, Pakistan qırıcıları öz İL-78 tanker təyyarələri ilə havada yanacaq doldurma işlərini uğurla yerinə yetirərək Pakistandan Azərbaycana fasiləsiz uçuş həyata keçiriblər.
“Indus Shield Alpha” təliminin məqsədi Pakistan və Azərbaycan Hərbi Hava Qüvvələri arasında qarşılıqlı anlaşma, taktiki koordinasiya və qarşılıqlı fəaliyyətin gücləndirilməsidir. Təlimdə əsas diqqət müasir hava döyüş taktikası, sürətli texnoloji irəliləyişlər və inkişaf edən hava gücü dinamikası ilə formalaşan mühitdə birgə missiyanın planlaşdırılması və icrasına yönəldiləcək. Həmçinin əməliyyat anlayışlarının mübadiləsi və yaranan hava hücumundan müdafiə çağırışlarına birgə cavab tədbirlərinin gücləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq.
Təlimlərə cəlb edilən Çin-Pakistan istehsalı JF-17C qırıcıları real döyüşlərdə özünü isbat edib. Bu ilin may ayında Hindistan və Pakistan qüvvələri arasında qısa, lakin intensiv hava atışması Fransa istehsalı olan Rafale qırıcılarının zəif performansını, Çin istehsalı olan J-10C və JF-17 döyüş təyyarələrinin üstünlüyünü bir daha nümayiş etdirib. Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin vurulması xəbərindən sonra Rafale qırıcı təyyarələri istehsal edən Fransanın Dassault Aviation şirkətinin səhmləri bir neçə gün ərzində 9,48 faiz ucuzlaşmışdı. Pakistan Hərbi Hava Qüvvələrinə məxsus J-10C və JF-17 “Thunder” qırıcılarının istehsalçısı olan Çinin Chengdu Aviasiya Korporasiyasının səhmləri isə 61,65 faiz artmışdı. Həmin hava qarşıdurmasında Pakistanın istifadə etdiyi J-10C və JF-17 qırıcıları artıq beynəlxalq silah bazarında daha cəlbedici seçimə çevrilib.
Nəriman Nəcəfov