Ceyhun Bayramov TDT Baş katibi ilə Azərbaycanın təşkilata sədrliyi çərçivəsində prioritetlərini müzakirə edib

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycanın TDT çərçivəsində sədrliyinin prioritetlərini, təşkilatın gündəliyində duran məsələləri və gələcək planları müzakirə ediblər.

Nazir Ceyhun Bayramov təşkilat çərçivəsində dostluq, qardaşlıq və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Tərəflər ötən il Şuşada keçirilmiş qeyri-rəsmi sammit zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin, habelə bu il Qəbələdə keçirilmiş sammit zamanı qəbul edilmiş qərarların təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər. Baş katib Azərbaycan tərəfindən təşkil edilmiş tədbirlərin uğurlu təşkilinə görə təbriklərini çatdırıb.

Azərbaycanın Qəbələ sammiti zamanı irəli sürdüyü təşəbbüslərin icra edilməsi istiqamətində addımlar nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: