"Rusiya Dəmir Yolları" və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan vasitəsilə Ermənistana tranzitinin təşkili üzərində işləyirlər.
NUHÇIXAN-ın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
O, qeyd edib ki, Bakı Moskvaya Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib: "Yəni bu məsələdə çox maraqlı irəliləyişlər əldə etmişik. "Rusiya Dəmir Yolları" hazırda regional həmkarları ilə birlikdə bu daşımaların necə təşkil olunacağını müəyyən etmək üçün çalışır. Eyni zamanda bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik".
Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Bakının öz ərazisi vasitəsilə Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.
