Bu önəmli tarix təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyətə malikdir. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın inkişaf yolunu müəyyən edib. Azərbaycan Konstitusiyasının qəbul edilməsi Türk dünyasının dahi dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Onun həyata keçirdiyi siyasət müasir Azərbaycan dövlətinin təməlini qoymuşdur. Bu irsi Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
NUHÇIXAN xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Milli Məclisdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
A.Raimkulova bildirib ki, Azərbaycanda keçirilən islahatlar ölkəni ədalət, qanunun aliliyi və vətəndaşa qayğı prinsipləri ilə səslənən güclü, müasir, hüquqi dövlət kimi daha da möhkəmləndirir: “Bu möhkəm təməl sayəsində Azərbaycan beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan üçün dərin tarixi, mənəvi əhəmiyyət daşıyır”.
