Xorvatiya parlamentinin komitə sədri: Azərbaycanda keçirilən beynəlxalq konfrans parlamentlərarası əməkdaşlığa töhfə verəcək

A- A A+

Oktyabrın 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Xorvatiya parlamentinin Xarici işlər komitəsinin sədri Andro Krstuloviç Oparanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, S.Seyidov Xorvatiya parlamentinin sədrinin bu il ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladaraq, onun iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, habelə parlamentlərarası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, parlamentlərarası dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin və komitələrarası əməkdaşlığın genişləndirilməsi qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Xorvatiya parlamentinin Xarici işlər komitəsinin sədri A.K.Opara ikitərəfli əməkdaşlığın inkişafı və parlamentlərarası dialoqun daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Parlamentlərin dövlətlərarası münasibətlərin inkişafında vacib siyasi və diplomatik platformalardan biri olduğunu deyən qonaq qeyd edib ki, Azərbaycan parlamentində təşkil olunan beynəlxalq konfransda aparılan müzakirələr parlamentlər arasında təcrübə və fikir mübadiləsinə mühüm töhfə verəcək.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva bildirib ki, iki ölkə arasında əməkdaşlıq humanitar, mədəni və iqtisadi istiqamətlərdə də yüksələn xətlə inkişaf edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: