Azərbaycanın NATO ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edilib - FOTOLAR

A- A A+

Oktyabrın 28-30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və digər dövlət qurumlarının üzvlərindən ibarət nümayəndə heyəti NATO-nun mənzil-qərargahına səfər edib.

NUHÇIXAN xəbər verir ki, ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərliyi altında reallaşdırılan səfər çərçivəsində nümayəndə heyətinin NATO-nun Dəstək və Təchizat Agentliyinin Əməliyyatlara dəstək bölməsinin rəhbəri Orxan Muratlı, Pilotsuz Uçuş Sistemlərinə Dəstək Tərəfdaşlığının proqram meneceri Stergios İsaakidis, Alyansın Beynəlxalq Qərargahının Əməliyyatlar bölməsinin Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Direktoratının rəhbəri Pirs Kazalet və “Sülh və Təhlükəsizlik naminə Elm” (SPS) proqramı bölməsinin rəhbəri Eyüp Turmus, həmçinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti bölməsinin Tərəfdaş və Qlobal Məsələlər Direktoratlığının rəhbəri Krisztian Mezaros və Silahlara Nəzarət, Tərk-silah və Kütləvi Qırğın Silahlarının Yayılmaması bölməsinin direktoru Eirini Lemos-Maniati ilə görüşü, eləcə də Alyansın Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və Atıcı Silahlar və Mina Fəaliyyəti üzrə Ad hoc İşçi Qrupunun iclasında iştirakı olub.

Görüşlər zamanı Azərbaycan və NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu sahədə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyəti, “Sülh və Təhlükəsizlik naminə Elm” proqramı çərçivəsində humanitar minatəmizləmədə innovativ metodlar üzrə həyata keçirilən cari layihənin gedişatı, eləcə də sözügedən proqram çərçivəsində minatəmizləmə sahəsində yeni nəsil yüksək texnologiyaların və innovativ metodların tətbiqi üzrə digər cari və gələcək layihələrə qoşulmaq, habelə Azərbaycanda “Sülh və Təhlükəsizlik naminə Elm” proqramı ilə birgə təlim və seminarların təşkili, Azərbaycan üzrə NATO Etimad Fondunun yaradılması kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşlərdə, həmçinin ANAMA nümayəndə heyəti tərəfindən 2020-ci ilin noyabrından etibarən mina hadisələri nəticəsində 410 azərbaycanlının həlak olduğu və ya yaralandığı, minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və həmin ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılmasına ciddi maneələr yaratdığı, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ilə bağlı geniş məlumat verilib. Bundan əlavə, ANAMA-nın mina probleminin həllində istifadə etdiyi qabaqcıl texnologiyalar, xüsusilə də mexaniki minatəmizləmə vasitələri və bu sahədə tətbiq olunan yeni yanaşmalar haqqında məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: