Qarabağa hər səfərimdə yeni inkişaf, quruculuq işlərinin şahidi oluram.
NUHÇIXAN xəbər verir ki, bu sözləri "Yeşil İğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş Qarabağa növbəti səfəri ərəfəsində jurnalistlərə açıqlamasında deyib.
"Bu, mənim Qarabağa üçüncü səfərim olacaq. İlk dəfə 2024-cü ildə Zəfər Qurultayında iştirak etmişəm. İkinci Qarabağ müharibəsindən sonra orada baş verən prosesləri birbaşa gedib görmək imkanımız oldu. Azərbaycan bu sahədə çox gözəl işlər görür. O bölgədə ermənilərin törətdiyi dağıntıları bütün dünya ictimaiyyətinə canlı şəkildə göstərdi, sonradan isə həmin ərazilərdə həyata keçirilən yenidənqurma işlərini təqdim etdi", - C.Şıktaş bildirib.
O qeyd edib ki, ilk dəfə Şuşaya gedəndə ərazilərin çoxu minalanmış vəziyyətdə idi:
"Biz Cıdır düzünə getdik, qəhrəman əsgərlərimizin Cıdır düzünə qalxdığı yerləri gördük. Həmin vaxt orada çoxlu planlar hazırlanır, tikinti işləri başlayırdı. Ötən il ikinci səfərimdə artıq magistral yollar, tunellər və digər infrastruktur inşa olunmuşdu. Bütün şəhərlər yenidən qurulur. Dünyadakı qlobal problemlərə baxmayaraq, Qarabağda çox genişmiqyaslı işlər görülür, möhtəşəm bərpa prosesi gedir".
