Prezident İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında əsasən Azərbaycan elminin tarixi inkişafı, Ulu Öndər Heydər Əliyevin elmi dəstəkləməsi və müasir dövrdə elmin dövlət siyasətindəki rolu vurğulanıb. O, Akademiyanın 80 illik fəaliyyətini qeyd edərək, Azərbaycanda elmin inkişafında oynadığı aparıcı rolu və müxtəlif ictimai-siyasi dövrlərdə elmin dəstəklənməsini xatırladıb. Heydər Əliyevin rəhbərliyi ilə Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması, gənclərin aparıcı ali məktəblərə göndərilməsi və intellektual potensialın gücləndirilməsi xüsusi qeyd olunub.
Prezident həmçinin müstəqilliyin ilk illərində yaranan çətinliklərə baxmayaraq Akademiyanın fəaliyyətinə ayrılan diqqət və vəsaitlərdən danışıb. Son on il ərzində elmin inkişafına ayrılan maliyyə resurslarının iki dəfədən çox artması, Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni elmi kitabxana və Milli Ensiklopediya üçün binaların inşası, elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təmin edilməsi, Elm Fondu və elmin inkişafı üzrə dövlət proqramları barədə məlumat verib.
Çıxışda Azərbaycanın qələbələri və iqtisadi inkişafı da vurğulanıb. Prezident texnoloji inkişafın prioritet olduğunu, süni intellektin ölkələrin gələcək inkişafında əhəmiyyətini, rəqəmsallaşmanın faydalarını, kibertəhlükəsizlik sahəsində görülən işləri və hərbi sənayenin inkişafını diqqətə çatdırıb. Pilotsuz uçuş aparatlarının istehsalının və özəl şirkətlərin hərbi təyinatlı məhsullar istehsalının önəmi, elmin iqtisadiyyat və sənaye ilə sıx əlaqəsi vurğulanıb.
İqtisadi sahədə qeyri-neft sektorunun aparıcı rol oynadığı, valyuta ehtiyatlarının artdığı, güclü iqtisadiyyatın azad edilmiş torpaqların bərpasına və müdafiə potensialının gücləndirilməsinə imkan verdiyi qeyd olunub. Son olaraq, bərpaolunan enerji layihələrinin geniş miqyasda həyata keçirildiyi, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda su, günəş və külək elektrik stansiyalarının inşa olunduğu, 2030-cu ilə qədər generasiya gücünün 6 min meqavata çatdırılmasının planlaşdırıldığı bildirilmişdir.
İlham Əliyevin çıxışı elmin inkişafına, texnoloji tərəqqiyə, iqtisadi və hərbi gücə, həmçinin Azərbaycanın gələcək dayanıqlı inkişafına dair dövlət strategiyasını əks etdirir.
Gülxarə Əhmədova
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
