Şuşa - Azadlığın, Mədəniyyətin və Yeni Dövrün Simvolu kimi

A- A A+

8 Noyabr Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu gün təkcə hərbi qələbənin deyil, milli ruhun, mədəniyyətin və azadlığın təntənəsi kimi xalqımızın yaddaşına əbədi həkk olunub. 2020-ci ilin həmin möhtəşəm günündə azərbaycanlıların dilində səslənən bir cümlə tarixin rəmzinə çevrildi: “Əziz Şuşa, sən azadsan!” Bu ifadə sadəcə bir sevinc nidasi deyildi - bu, torpağın yaddaşına, xalqın qüruruna və gələcəyin inamına ünvanlanan bir çağırış idi.

Şuşa - yaddaşın dirildiyi torpaq kimi təkcə bir şəhər deyil, Azərbaycanın mənəvi xəritəsində ən uca zirvələrdən biridir. Burada hər daş, hər bulaq, hər küçə bir tarix danışır. Xurşidbanu Natəvanın zərif poeziyası, Üzeyir Hacıbəylinin bəstələri, Bülbülün səsi bu torpağın ruhunda yoğrulub, Qarabağ dağlarının sükutunu musiqiyə çevirmişdir.

İşğal illərində Şuşa yalnız bir torpaq itkisi deyildi - bu, milli mədəniyyətin simvolik şəkildə yaralanması idi. Şuşanın azad edilməsi isə Azərbaycan xalqının mənəvi bütövlüyünün bərpası, milli iradəsinin və tarixi ədalətin bərqərar olması demək idi. Zəfərdən sonra Şuşada böyük mədəni intibah dövrü başlandı. Şəhərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri yalnız binaların və abidələrin deyil, xalqın mədəni yaddaşının və mənəvi varlığının dirçəldilməsi anlamını daşıyır. Bərpa olunan məscidlərdə azan səsi ucalır, Qala divarlarında yenidən muğam səslənir, bərpa edilən ev-muzeylər və yaradıcı məkanlar Şuşanı Azərbaycan mədəniyyətinin canlı mərkəzinə çevirir.

Bu gün Şuşada keçirilən Vaqif Poeziya Günləri, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Türk və İslam dünyası mədəniyyət tədbirləri onun adını bir daha dünya mədəniyyət xəritəsinə qaytarır. Şuşa artıq bir şəhərdən daha çox, xalqın mədəni iradəsinin təcəssümü, azad ruhun paytaxtı kimi formalaşır.

Yeni dövrün mədəniyyət konsepsiyası Şuşa modelində həyata keçirilir. Bu gün Azərbaycanın dövlət siyasəti Şuşanı təkcə azadlıq və qələbə simvolu kimi deyil, həm də yeni dövrün mədəniyyət strategiyasının mərkəzi kimi formalaşdırır. Şəhərin bərpası sadəcə memarlıq layihəsi deyil - bu, mədəniyyətin idarəedilməsi, irsin qorunması və yaradıcılığın inkişafı üçün yeni institusional modelin yaradılmasıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları və baş planlar Şuşanı müasir şəhərsalma prinsipləri ilə tarixi irsin qorunmasının vəhdətində inkişaf etdirir. Tarixi abidələrin bərpası, yeni mədəniyyət mərkəzlərinin, muzeylərin və yaradıcılıq məkanlarının inşası Şuşanı Azərbaycanın mədəni diplomatiyasının əsas dayağına çevirir.

Burada tətbiq olunan yanaşma “canlı mədəniyyət irsi” konsepsiyasına əsaslanır - yəni mədəniyyət yalnız qorunmur, həm də yenidən istehsal olunur, gələcək nəsillərin yaradıcılığı ilə zənginləşir. Bu mənada Şuşa həm ənənənin mühafizəsi, həm də müasirliyin yaradıcı laboratoriyası rolunu oynayır. Şuşada keçirilən beynəlxalq tədbirlər, multikultural mədəniyyət layihələri, Türk və İslam dünyası forumları Azərbaycanın mədəniyyət siyasətinin qlobal səviyyəyə yüksəlməsinin bariz göstəricisidir.

Bu gün Şuşa Azərbaycanın azadlıq rəmzi olmaqla yanaşı, milli mədəniyyətin, yaradıcılığın və dövlətçilik fəlsəfəsinin əsas təməl sütunlarından birinə çevrilib. Burada atılan hər bir addım - istər bir məscidin bərpası, istər bir festivalın keçirilməsi Azərbaycanın mədəni gücünün, tarixi yaddaşının və gələcəyə inamının ifadəsidir. Şuşa bu gün də öz missiyasını davam etdirir: Azərbaycanın ruhunu, mədəniyyətini və azadlıq idealını dünyaya təqdim edən mədəniyyət paytaxtı kimi.

Yeni dövrün mədəni inkişaf modeli çərçivəsində Şuşa şəhərinin Baş planı hazırlanmış və təsdiq edilmişdir. Bu plan Şuşanı 2040-cı ilədək ekoloji baxımdan dayanıqlı, tarixi-mədəni irsi qoruyan və müasir urbanistik standartlara cavab verən bir şəhər kimi formalaşdırmağı nəzərdə tutur. Bu sənəd Şuşanın mədəniyyət, memarlıq və şəhərsalma baxımından gələcək inkişaf xəritəsini müəyyənləşdirir, şəhəri həm tarixi kimliyini qoruyan, həm də müasir yaradıcılıq mərkəzinə çevrilən bir məkana transformasiya etməyi hədəfləyir.

Baş plan şəhəri “açıq səma altında muzey” kimi təqdim edir. Burada hər küçə, hər bina tarixi kimliyini qorumaqla yanaşı, müasir şəhər mədəniyyətinin bir parçasına çevrilir. İnşa edilən mədəniyyət mərkəzləri, muzeylər, konsert zalları, yaradıcılıq evləri və bərpa olunan memarlıq abidələri artıq Şuşanı regional və beynəlxalq səviyyədə tanıdan mühüm mədəniyyət ocaqlarına çevirib. Şəhərin bu gün qazandığı status “Azərbaycanın mədəniyyət paytaxtı” - sadəcə fəxri ad deyil, konkret mədəni siyasətin və strateji baxışın nəticəsidir. Burada yaradılan müasir infrastruktur, ekoloji zolaqlar, turizm marşrutları və sənət festivalları həm yerli, həm də beynəlxalq miqyasda Şuşanı birləşdirici mədəniyyət platformasına çevirir.

Hər xalqın tarixində bir şəhər olur ki, o, milli yaddaşın və mənəvi gücün simvoluna çevrilir. Azərbaycan üçün o şəhər, şübhəsiz, Şuşadır.
Onun azadlığı - keçmişlə gələcəyin qovuşması, milli mədəniyyətin dirilməsi, xalqın birliyinin və inamının təntənəsidir. Bu gün Şuşada səslənən hər bir musiqi parçası, oxunan hər bir şeir, ucalan hər bir bina bir həqiqəti xatırladır:
“Zəfər unudulmur, o, yaşanır” Prezident İlham Əliyevin sözləri bu həqiqəti daha da möhkəmləndirir: “Biz Şuşanı dirçəldirik. Şuşa Azərbaycan xalqının qürur mənbəyidir və əbədi belə qalacaq.” Bu gün Şuşada keçirilən beynəlxalq tədbirlər, incəsənət festivalları və dövlət səviyyəli mədəni proqramlar milli həmrəyliyin və zəfər ruhunun davamlılığını təmin edən mədəni körpülər rolunu oynayır. Şuşa artıq təkcə bir şəhər deyil - o, Azərbaycançılıq ideyasının mədəni ifadəsi, xalqın öz tarixinə və kimliyinə sədaqətinin rəmzidir.

8 Noyabr artıq təkcə hərbi qələbə tarixi kimi deyil, həm də Azərbaycan mədəniyyətinin yenidən doğuluş günü kimi qeyd olunur. Həmin gün biz təkcə qalib ordunu deyil, dirilən milli ruhu, mədəniyyətin əbədi yaşarlığını bayram edirik.

Şuşa bu gün Zəfərin səsi, mədəniyyətin nəfəsi, birliyin və inamın qalasıdır.
Onun işıqları təkcə Qarabağı deyil, bütün Azərbaycan mədəniyyətini, milli ruhunu və yaradıcılıq enerjisini işıqlandırır. Şuşa indi həm keçmişin mirası, həm də gələcəyin ilham mənbəyidir - bir xalqın öz mədəniyyətini, azadlığını və mənəviyyatını bütün dünyaya nümayiş etdirdiyi müqəddəs məkandır.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: