İKİNCİ QARABAĞ MÜHARİBƏSİ: DİPLOMATİK GEDİŞLƏR VƏ SİYASİ UĞUR

A- A A+

Torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan bayrağının Şuşada, Laçında, Xankəndində və digər işğal olunmuş ərazilərimizdə dalğalanması Ulu Öndər Heydər Əliyevin arzusu, möhtərəm Prezident İlham Əliyevin əsas amallarından biri idi. Bəli, bu arzu, bu amal artıq beş ildir ki, reallığa, gerçəkliyə çevrilmişdir. 44 günlük Vətən müharibəsi hərbi qələbə ilə bərabər, həm də siyasi, diplomatik qələbə idi. Bu diplomatik və hərbi qələbə bizi, Azərbaycan xalqını nəinki Cənubi Qafqazda, hətta bütün dünyada söz sahibinə çevirdi.

            Prezident İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başlayan zaman xalqa müraciətində "Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir..." sözləri böyük zəfərə aparan xarici siyasətin təməli olduğunu desək, yanılmarıq.

Vətən müharibəsi başladığı həmin gündə dövlətimizin başçısı xalqa ilk müraciətini bu sözlərlə bitirdi: "Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq”!

Bəli bütün dünya, bütün beynəlxalq təşkilatlar, bütün birliklər Azərbaycanın haqlı olduğunu, Azərbaycanın işğala məruz qaldığını bilirdi. Amma bəzi dövlət və qurumların Azərbaycanın haqq səsinin doğru, düzgün, səsinin haqlı olduğunu bilsələrdə real addımlar atmaq istəmir və ya bilərəkdən atmırdılar. Bunun üçün Cənab Prezident, Müzəffər Ali Baş Komandan üzünmüddət uğurlu diplomatik, siyasi gediş etmişdir.

Belə ki, 2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı mühüm bir qətnamə qəbul edildi. Bu fakt bir daha təsdiqlədi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Onu da qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq xüsusi qeyd olunmalıdır.

Azərbaycanın 155 səs çoxluğu ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkəmizin haqq səsinin daha da geniş yayılmasına imkan verdi. Həmçinin, 2011-ci ildən üzvü olduğumuz Qoşulmama Hərəkatının 2019-cu ildən etibarən sədrliyini həyata keçirməyimiz, BMT-dən sonra ikinci ən böyük çoxtərəfli platforma olan Qoşulmama Hərəkatı çərçivəsində inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrlə əlaqələrimizin gücləndirilməsi Azərbaycanın haqlı mövqeyinin daha da möhkəmlənməsinə imkan yaratdı. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində münaqişə ilə bağlı təşkil olunan panel müzakirəsində Prezidenti İlham Əliyevin çıxışı Nikol Paşinyanı çıxılmaz vəziyyətdə qoydu.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı Qarabağ Azərbaycandır və nida işarəsi. tarixi çıxışı zamanı səsləndirdiyi bu sözlər artıq milli azadlıq mübarizəmizin rəmzinə çevrildi.

Dövlət başçısının qətiyyəti və sarsılmaz iradəsi nəticəsində ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin nəticəsidir. 

Ermənistan baş naziri Nikol Paşinyanın 2019-cu ildə etdiyi “Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə” bəyanatı Qarabağ münaqişəsinin dinc yolla həlli prosesinə sanki nöqtə qoymuşdu. O, Xankəndinə səfəri zamanı bu sözləri deməklə və “Miasum” çığırmaqla, bir növ, danışıqların faydasız olmasına, işğal altındakı torpaqların sülh yolu ilə qaytarılmayacağına işarə etmişdi.

Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbə, o cümlədən 19-20 sentyabr 2023-cü il tarixdə antiterror tədbirləri çərçivəsində Qarabağ bölgəsi üzərində tam suverenliyimizin bərpa olunması Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratdığı məlumdur.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. 

Bu gün, yəni 8 Noyabr yalnız torpaqlarımızın azad olunmasının deyil, bütövlükdə bir xalqın milli iradəsinin, dövlətçilik əzminin və birlik ruhunun da qələbəsi idi.

Asəf ORUCOV

Ali Məclisin Deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: