150+5: sözümüz ZƏFƏRLƏ ucaldı, yaxud tarixin iki böyük qovuşması

A- A A+

2025-ci il Azərbaycan mətbuatı üçün xüsusi əhəmiyyətə malik bir tarixdir. Bu tarix Azərbaycan tarixinin yeni yaşanan mərhələsidir. Niyəsi, daha doğrusu səbəbi aydındır. Bu il biz həm mətbuatımızın 150 illiyini, həm də xalqımızın qüdrətini, mənəvi birliyini, dövlət xalq vəhdətini bütün dünyaya göstərmiş Zəfərimizin 5 illiyini qeyd edirik.  Qürurluyuq ki, tarixin iki böyük qovuşmasına şahidlik etmək nəsibimiz olub.

Sirr deyil ki, bu gün Azərbaycan mediası son yüzilliyin ən güclü dövrünü yaşayır. Bizim üçün qalib ölkənin səsini dünyaya çatdırmaq həm şərəfdir, həm məsuliyyət. Bu xalqın söz gücü ilə qələbə ruhunun birləşdiyi, informasiyanın və ideologiyanın eyni məcrada ucaldığı bir böyük milli hadisədir.

 

Həm döyüş meydanında, həm də söz meydanında qalib lider: Prezident və media

Zəfərin beş ili milli qürurumuzun təntənəsidir. Bu təntənəni xalqımıza yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız 30 il həsrətində olduğu Zəfərə qovuşdu. Ali Baş Komandanın ətrafında sıx birləşməklə.

Ölkə Prezidenti təkcə döyüş meydanında deyil, həm də informasiya cəbhəsində qələbə qazandı. 2020-ci ilin müharibə günlərində bütün gözlər cənab Prezidentin rəsmi sosial şəbəkə hesablarında idi. Dövlətimizin başçısının qətiyyətlə dediyi “Biz haqq yolundayıq, biz qalib gələcəyik!” sözləri oğlunu müharibəyə göndərən hər bir anada, atada böyük inam və gələcəyə ümid hissini daha da gücləndirmişdi. Oğlu şəhid olan bir ana “Mənim oğlumun nişanı da, toyu da, bayramı da onun bayrağıdır!” – deyərək övladının həyatını və şəhidliyə ucalmaq qismətini xalqımızın Vətən uğrunda apardığı mübarizənin ayrılmaz bir parçası kimi qəbul etdi. Ali Baş Komandanın ətrafında cəm olmuş xalqımız həmrəylik və qətiyyət nümayiş etdirərək, ərazi bütövlüyü uğrunda aparılan bu müqəddəs mübarizədə zəfər qazandı. 

 Cənab Prezident, Ali Baş Komandan İlham  həmin günlərdə daim media vasitəsilə müsahibələr verməsi və sosial şəbəkələrdəki paylaşımları xalqımızın qələbə ovqatını daha da yüksəltdi Bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş rezonans doğurdu və belə də olmalı idi. Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” ifadəsi sosial mediada milyon dəfələrlə paylaşıldı və Azərbaycanın informasiya müharibəsində qələbəsinin əsasında dayandı. Bu paylaşımlar, ölkənin haqq səsini dünyaya çatdırmaqda və düşmən təbliğatına qarşı mübarizədə böyük rol oynadı.

Ali Baş Komandanın sosial şəbəkələrdəki aktivliyi həm də xalqın ruhunu yüksəltdi, böyük bir mənəvi güc yaratdı.  Bu gün qürurla deyirik ki, məhz Ali Baş Komandanın yaxın keçmişdə verdiyi çoxsaylı müsahibələr regiona və dünyaya Azərbaycanın yeni reallıqlarını izah edən strateji bələdçi rolunu oynayıb. Hər bir müsahibə və açıqlama isə 150 illik Azərbaycan mediasına verilmiş əvəzsiz töhfə, o dövrün tarixidir.

Ümumiyyətlə, son beş ildə Prezident İlham Əliyev 90-dan çox beynəlxalq və yerli media qurumuna müsahibə verib. Bu müsahibələrdə Qarabağ həqiqətləri, post-müharibə quruculuğu, regional təhlükəsizlik, Zəngəzur dəhlizi, enerji siyasəti və iqtisadi islahatlar kimi mövzular əhatəli şəkildə izah edilib. Prezidentin hər bir kəlməsinin təməlində həqiqət dayanıb. Ali Baş Komandanın müsahibələrinin siyasi tariximizin salnaməsinə, milli ruhumuzun daşıyıcısına və avanqard ideoloji mənbəyə çevrilməsi də bununla bağlıdır. Bu müsahibələr həm bu günümüzü izah edir, həm də gələcək nəsillər üçün tarixi dəyəri olan əvəzolunmaz faktları özündə ehtiva edir.

Azərbaycan jurnalist ordusunun ölkə başçısının ətrafında sıx birləşərək onun çıxışlarını tezis kimi qəbul etməsi də təbiidir. Yaxşı xatırlayırıq ki, müharibə zamanı heç bir dezinformasiya yayılmadan, igid oğullarımızın qəhrəmanlıqları və bu möhtəşəm qələbəni necə qazandığımız medianın vasitəsilə xalqımıza çatdırılırdı. Ali Baş Komandanımızın xalqa etdiyi müraciəti mediaya olan güvənimizin və informasiya mübadiləsinin nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Media sadəcə müharibənin gedişatını izləməklə öz vəzifəsini bitmiş hesab etmirdi, həm də xalqımızın birliyini, ordu ilə xalq arasındakı sıx əlaqəni və milli iradəni dünyaya çatdıran əsas platforma funksiyasını yerinə yetirdi. Xalqımız media vasitəsilə igid oğullarımızın hər bir qələbə anını, şəhidlərimizin qəhrəmanlığını, hər bir döyüşçümüzün adını və zəfərimizə necə yaxınlaşdığımızı izləyərək, bu uğurun həm ruhən, həm də praktiki olaraq necə əldə edildiyini görürdü.

“150+5: sözümüz zəfərlə ucaldı”. Bu ifadə, həm mətbuatımızın inkişafını, həm də informasiya sahəsindəki uğurlarımızı simvolizə edir. Sözsüz ki, bu uğurlar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunub. Təbii ki, qazanılan hər bir zəfər də dövlətimizin başçısının strateji qərarlarının nəticəsidir. Bu dövrün ən böyük qəhrəmanları isə şəhidlərimiz və döyüşən oğullarımızdır. Onların igidliyi, fədakarlığı və qəhrəmanlığı mətbuatımızın və xalqımızın zəfərini tamamlayan  böyük amildir. Hər bir xəbər, hər bir məqalə və hər bir reportaj bu uğurları əks etdirir, sözümüzü Zəfərlə ucaldır.

Beləliklə, 150 illik mətbuat tariximizin son 5 ili həm qələbələr, həm də qəhrəmanlıq ilə yazıldı – Ali Baş Komandanın rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı sayəsində.

 

Şəhid jurnalistlər: qəlbləri ilə yazdılar, qanları ilə Zəfər qazandılar

Vətən müharibəsi, 2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən bu tarixi döyüş Azərbaycan xalqının milli və mənəvi gücünü dünyaya göstərdi. Göstərdi ki, bu xalq öz tarixi köklərinə sadiqdir, milli-mənəvi dəyərlərini, ata-baba əmanəti olan torpaqlarını müdafiə etməyə qadirdir. O da vurğulanmalıdır ki, bu müharibə yalnız hərbi cəbhədə deyil, eyni zamanda informasiya meydanında aparıldı. Azərbaycan jurnalistləri informasiya cəbhəsində də önəmli bir rol oynayaraq, döyüşlərin gedişatını, xalqın mübarizəsini, fədakarlığını və qəhrəmanlıq ruhunu dünya ilə paylaşdılar. Dünya da xalqımızın apardığı mübarizədə haqlı olduğunu gördü.

Jurnalistlərimiz müharibə dövründə cəbhə xəttinə yaxın ərazilərdə, təhlükəli şəraitdə çalışaraq məlumatları ictimaiyyətə çatdırırdılar. Belə demək mümkündürsə onlar inforamasiya meydanının əsgərlərinə çevrilmişdilər. Hər bir xəbər, reportaj və canlı yayımlar yalnız həmkarımız üçün peşəkar bir vəzifə deyil, həm də döyüşün bir hissəsi idi. Onlar sadəcə faktları sadalamaqdan daha çox, xalqın ruhunu, əzmini və qələbə uğrunda mübarizəsini göstərdilər.

Təsadüfi deyil ki, onların çəkdikləri reportajlar yalnız Azərbaycanın deyil, ümumilikdə bütün dünyada böyük rezonans doğururdu. Bəziləri bu mübarizənin və qələbənin tarixini yazarkən həyatlarını itirdilər. Kəlbəcərdə düşmənin yerləşdirdiyi minanı partlaması nəticəsində şəhid olan Azərtacın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun əziz xatirələri həmişə yaddaşlarda yaşayacaq.

Onların qəhrəmanlıqları Azərbaycanın həm də informasiya müharibəsindəki qalibiyyətini simvolizə edir. Bu gün fəxr duyuruq ki, həmkarlarımız həm müharibənin, həm də zəfərin səsi oldular. Onların adları, zəfərimizin və mübarizəmizin bir hissəsi olaraq artıq tarixə yazılıb.

 

 

Zəfərdən 5 il sonra: dünya mediasının səsi Qarabağda ucalır

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda təkcə ərazi bütövlüyümüz bərpa olunmayıb, həm də bu torpaqda Azərbaycanın media və informasiya siyasəti yeni bir dövrə qədəm qoyub. Şuşa, yalnız Azərbaycanın mədəniyyət paytaxtı olmaqla qalmayıb, həm də qlobal informasiya və media dialoqunun mərkəzinə çevrilib.

Şuşa, bu gün dünya mediasının diqqətini cəlb edən bir məkandır. 2023-cü ilin iyul ayında keçirilən “Qlobal Media Forumu”nda dünyanın müxtəlif nöqtələrindən media rəhbərlərinin, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gəlməsi də təbii idi. Bu, Azərbaycanın müharibə dövründə apardığı ədalətli və peşəkar informasiya mübarizəsinin dünya səhnəsində necə əks olunduğunu nümayiş etdirdi.

2024-cü ildə keçirilən ikinci Qlobal Media Forumunda, Prezident İlham Əliyev daha bir məsələ üzərində dayandı. Ölkə başçısı açıq informasiya siyasətini və Azərbaycanın media azadlığını vurğulayaraq, Qarabağda qazandığımız zəfərin media sahəsində də önəmli bir qələbə olduğunu diqqətə çatdırdı. Forumda müzakirə olunan mövzular arasında jurnalistikada etik qaydalar, süni intellektin rolu və yeni media reallıqları da diqqət mərkəzinə çəkildi.

Qarabağda yüksələn media səsi Azərbaycanın dünya mediasında daha da möhkəmlənən mövqeyini əks etdirir. Mediamız yüksək tribunadan həqiqət səsimizi dünyaya çatdırır. Bununla da qürur duyuruq ki, artıq yalnız siyasi və iqtisadi məsələlər deyil, informasiya mübarizəsi də beynəlxalq arenada Azərbaycanın güclü təsir vasitəsinə çevrilib.

 

Qalib xalqın jurnalisti: tarixi yazma missiyası

 Vətənini, torpağını, şərəfli tarixini sevən hər bir jurnalisti dövləti üçün xoş xəbərlərin yayımı daha da qürurlandırır. Jurnalist yalnız xəbər vermir, o həm də tarix yazan, xalqın səsini gələcək nəsillərə çatdıran bir körpüdür, köklü vasitədir. Ona görə də bu gün biz jurnalistlər dövlətimizin qələbəsini qürurla yazmaqla yanaşı, onu gələcək nəsillərə çatdırmaq məsuliyyətini də daşıyırıq. Bu yazını hazırlayrkən Ali Məclisin 104 yaşlı rəsmi orqanı “Şərq qapısı” qzəetinin növbəti sayı çapa hazırlanır. Bu sayda qalib dövlətin qalib jurnalsitləri kimi böyük qürur hissi ilə tarixin bu şanlı səhifəsində yerimizi alırıq. 150 illik yubileyimizi qeyd etdiyimiz bir ildə biz zəfərimizi gələcək nəsillərə nümunə qoyan insanların səsi missiyassını yerinə yetiririk. 

  Bu gün, sözsüz ki, qalib xalqın jurnalistləri kimi bu izləri qoymaqdan və xalqımızın uğurlarını dünyaya çatdırmaqdan qürur duyuruq. Bizim sözümüz, bizim hekayəmiz xalqımızın zəfərinin bir parçasıdır.

 Mətbuatın 150 illiyi və Zəfərin 5 illiyi bir-birini tamamlayan iki böyük anlamdır. Bu iki tarix sanki bir kitabın ardıcıl fəsilləridir: birinci fəsil – xalqın 150 il ərzində yetişdirdiyi söz mədəniyyəti; ikinci fəsil – həmin sözün Qələbə ruhu ilə ucaldığı Zəfər epoxası.

 Bu gün artıq tam əminliklə deyə bilərik:150+5 bizim milli yaddaşımızdır. 150+5 dövlət gücümüzün rəmzidir. 150+5 sözümüzün Zəfərlə ucaldığı tarixdir.

  

Sara ƏZİMOVA,

 “Şərq qapısı” qəzetinin baş redaktor

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: