Ali Məclisin 2025-ci il payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclası keçirilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, sabah Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbənin 5-ci ildönümüdür. 5 il bundan öncə noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsini tarixi zəfərlə başa çatdırmışdır. Şanlı zəfər və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.
Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatının, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin (ikinci oxunuş), “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin (birinci oxunuş) və cari məsələlərin müzakirəsinin daxil edildiyini diqqətə çatdırıb.
Gündəlik təsdiq olunduqdan sonra 8 Noyabr – Zəfər Günü ilə əlaqədar deputatlardan Gülşad Rüstəmova, Emin Şıxəliyev və Məmməd Məmmədov çıxış edib, fikirlərini bölüşüblər.
İclasda Ali Məclisin deputatı Əziz Qasımov Zəfər Gününün ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatını səsləndirdikdən sonra Bəyanat səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Qanun layihəsi Ali Məclisin 17 oktyabr 2025-ci il tarixli plenar iclasında müzakirə edilib, təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul edilib.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən sonra “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
İclasın gündəliyində duran üçüncü məsələnin müzakirəsi ilə əlaqədar Bəxtiyar Məmmədov qeyd edib ki, “Normativ- hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi hazırlanıb və deputatlara paylanılıb. Layihə Hüquq siyasəti komitəsinin iclasında müzakirə edilib.
Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini bildirdikdən sonra “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonda cari məsələlər müzakirə olunub.
Bununla da Ali Məclisin növbəti plenar iclası başa çatıb.