Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri dövlətimizin başçısı İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Prezident İlham Əliyev deyib: “Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir”.
Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin paraflandığını diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var”.
Prezident İlham Əliyev qeyd edib ki, münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. “Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır”, - deyə Azərbaycan Prezidenti əlavə edib.